ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) rəsmi internet səhifəsindən yaydığı açıqlamada ölkədə ümumi enerji hasilatının son 6 ildə davamlı surətdə yüksəlişindən sonra 2016-cı ildə geriləmənin müşahidə olunduğunu açıqlayıb. EİA-nın rəsmi statistikasınada ABŞ-da 2009-cu ildən bəri enerji hasilatında müşahidə olunan yüksəlmə tempinin 2016-cı ilin rəsmi statistikasının açıqlanması ilə aşağı düşdüyü bildirilib.
Qurumun açıqlamasında sözügedən geriləməmin ölkənin əsas enerji ehtiyatları hesab olunan neft, təbii qaz və daş kömür hasilatında 2016-cı ildə azalmanın müşahidə olunmasından qaynaqlandığı bildirilib. Sabiq ABŞ prezidenti Barak Obamanın ətraf mühitin qorumasına yönələn ekoloji siyasəti və kömür sektorunda aparılan islahatlar səbəbi ilə artımın müşahidə olunmadığı 2016-cı ili geridə buraxan ölkənin kömür sənayesində toplam hasilat, ötən il ilə müqayisədə 18% azalıb. Bu rəqəm ölkənin daş kömür hasilatında 1978-ci ildən bəri müşahidə olunan ən aşağı göstəricidir.
Açıqlamada 2016-cı ildə ABŞ-ın neft və təbii qaz hasilatının azalaması xüsusi vurğulanıb. Dünya birjalarında neftin qiymətlərinin ucuzlaşmasının bu sahəyə yatırılan investisiyalara mənfi təsir göstərməsi səbəbi ilə ABŞ-ın neft və təbii qaz hasilatı ötən il ilə müqayisədə xeyli geriləyib. Belə ki, ölkənin neft hasilatı 2015-ci illə müqayisədə 5%, təbii qaz hasilatı isə 2% azalaraq ötən illərin statistik göstəricilərindən geridə qalıb.
Həmçinin EIA-dan bildirilib ki, ötən il ABŞ-da bərpa olunan enerji hasilatında artım müşahidə olunmasına baxmayaraq toplam enerji hasilatındakı geriləmənin qarşısı alınmayıb. Belə ki, bərpa olunan enerji hasilatında 2016-cı ildə bir öncəki illə müqayisədə 7% artım müşahidə olunub. Bərpa olunan enerji hasilatında müşahidə olunan artımın yarısı külək enerjisinin, 1/4 hissəsi isə günəş enerjisinin payına düşür.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb