KÖŞƏ

Zahid Rza

Aprel döyüşləri ordumuzun qələbə əzminin nümayişidir

04 aprel 2017 00:31
2434

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərindən bir il ötür. Bu döyüşlərin zərbəsindən hələ də özünə gələ bilməyən Ermənistan cəmiyyəti, cinayətkar Serj Sarkisyan rejimi bir daha anladı ki,  dünyanın ən güclü ordularından birinə sahib olan Azərbaycan qısa müddətdə öz torpaqlarını işğaldan azad edə bilər.  Dörd gün davam edən və Silahlı Qüvvələrimizin rəşadət rəmzinə çevrilən bu döyüşlər bütün dünyaya, ermənilərin havadarlarına, satellit Ermənistanın oyuncaq rəhbərliyinə bir daha göstərdi ki, Azərbaycan xalqı Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Xalqımız  bir daha əmin oldu ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmazsa, Azərbaycan əsgəri Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğalçılardan azad etməyə hər an hazırdır.

2016-cı il aprelin 2-dən 5-dək davam edən döyüşlərdə ordumuz düşmənə ağır zərbələr endirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçisi, çoxsaylı texnikası məhv edildi, 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri erməni işğalından azad edildi.

Aprel döyüşləri zamanı strateji yüksəkliklərin azad olunması,  bunun ardınca Prezident İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması Ermənistan cəmiyyətində ciddi çaşqınlığı və acı məğlubiyyətdən doğan  psixoloji sarsıntını bir az da artırdı. Ermənilər bir daha başa düşdülər ki, cinayətkar, korrupsioner Serj Sarkisyan rejiminin böyük həvəslə çaldığı  iyirmi illik “qalibiyyət marşı” havaya üfürülən sabun köpüyündən başqa bir şey deyilmiş. Ordumuzun bir neçə gündə əldə etdiyi qələbələr “status-kvo”nun daim saxlanılacağı barədə mifi də darmadağın etdi. Bu döyüşlər Ermənistanın hərbi, siyasi, iqtisadi və ideoloji əsaslarının çürüklüyünü bir daha üzə çıxardı.

2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Horadiz şəhəri, ətraf kəndlər, dəmir yol stansiyası və avtomobil yolları düşmənin açıq hədəfi olmaq təhlükəsindən xilas edilib. Azərbaycan Ordusu, eyni zamanda, Cəbrayıl və Füzuli istiqamətində düşmənin işğalı altındakı geniş ərazini nəzarət altında saxlamaq imkanı əldə edib. Talış kəndi ətrafında yüksəkliklərin azad olunması hesabına Tap Qaraqoyunlu kəndi düşmənin hədəfi olmaqdan xilas edilib və ordumuz yüksəkliklərdə yeni mövqelər əldə etməklə bu istiqamətdə düşmənin hərəkətini məhdudlaşdırmağa nail olub. Prezident, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı bir qrup hərbçi ilə görüşündə bildirdi ki, bu, bizim tarixi, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbəmizdir. Dövlətimizin başçısı vurğulayıb ki, aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Ali Baş Komandan deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir.

Qətiyyətlə demək lazımdır ki, ermənilərin cəbhə xəttindəki təxribatlarına layiqli cavab olan, Azərbaycan Ordusunun gücünü, qüdrətini, xalqımızın milli həmrəyliyini, xalq-iqtidar birliyini bir daha bütün dünyaya  nümayiş etdirən aprel döyüşləri əslində işğalçı tərəfə, onların havadarlarına,  o cümlədən münaqişənin həllini uzatmağa çalışan qüvvələrə çox ciddi mesaj idi.

“Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.