İraq İran ilə iki ölkənin sərhədində yerləşən neft yataqlarını ortaq istismar etmək niyyətindədir.
Bu barədə ötən həftə İraqın neft naziri Cabbar Elleeybi Bağdadda keçirilən “İraq Enerjisi Forumu 2017”-də bildirib. İRNA-nın məlumatına görə, iraqlı nazir qeyd edib ki, rəsmi Bağdad neft yataqlarının müştərək istifadəsi məqsədilə Tehran ilə danışıqlar aparır.
Neft ixracını sürətləndirmək və enerji mənbələrini şaxələndirməklə qonşu ölkələrlə əlaqələri inkişaf etdirmənin ölkəsinin əsas siyasəti olduğunu ifadə edən C.Elleeybi, bu istiqamətdə Küveyt ilə də sərhəd problemini həll etmək istədiklərini söyləyib. Qeyd edib ki, problemin həlli ilə Küveytə təbii qaz ixracı imkanı yaranacaq.
C.Elleeybi bunun İordaniya, Misir və Avropa ölkələri, ABŞ ilə əlaqələri stimullaşdıracağını vurğulayıb.
Nazir gələn il neft ehtiyatlarına daha 15 milyard barrel neftin əlavə ediləcəyini və bununla da İraqın 178 milyard barrel ilə Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən böyük neft yataqlarına malik ölkə olacağını bəyan edib.
Qeyd edək ki, İranla Küveyt Fars körfəzində yerləşən “Cənub Pars” yatağını ortaq istismar edirlər. Hər iki ölkə sözügedən yataqdan daha çox yararlanmağa çalışır. Lakin İrana qarşı sanksiyaların tətbiqi bu ölkənin “Cənub Pars” yatağını tam gücü ilə istismar etməsinə maneə yaradırdı. Sanksiyaların aradan qaldırılmasından sonra isə bu ölkə 24 fazaya malik olan yataqda təbii qazla yanaşı, neft hasilatını da sürətlə artırır. İran rəsmilərinin sözlərinə görə, yaxın zamanlarda bu yataqdakı hasilatın səviyyəsi Küveytlə bərabərləşəcək.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb