05 aprel 2017 18:49
602

Ötən il 5544 min kubmetr lay suyu utilizasiya edilib

“Azneft” İstehsalat Birliyi ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, hasilat tullantılarının idarə olunmasının təkmilləşdirilməsi, səmt qazlarının azaldılması, eləcə də lay sularının qapalı sistemdə utilizasiyasının təmin olunması istiqamətində mühüm işlər görür.

2011-ci ildən lay sularının utilizasiyasına başlanılmış, ötən müddət ərzində ''Bibiheybətneft'' və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində yeraltı tutumlar inşa edilmiş, yeni Neft Yığım Məntəqəsi istismara verilmişdir. Neftqazçıxarma idarələrində utilizasiya quyularında dalma nasosundan istifadə edilir, lay sularının təmizlənməsi, yığılması və utilizasiyası məqsədilə avadanlıqlar alınıb quraşdırılır. Hazırda “Neft Daşları” NQÇİ-də maksimum məhsuldarlığı sutkada 4400 kubmetr olan utilizasiya avadanlığının quraşdırılması başa çatmaq üzrədir. 

N.Nərimanov adına NQÇİ-nin Daşgil Neftyığma Məntəqəsinin buxarlanma sahəsinə axıdılan lay suları 2016-cı ilin iyul ayından etibarən borularla Ə.C.Əmirov adına NQÇİ-nin mərkəzi anbarına nəql edilir, bu ildən isə həmin lay suları 2000 kubmetrlik çənə yığılaraq utilizasiya quyularına vurulur. Bununla da hasil olunan lay sularının tam utilizasiyası təmin edilir. ''28 May'', ''Neft Daşları'' və ''Abşeronneft'' NQÇİ-lərlə yanaşı quruda yerləşən ''Bibiheybətneft'', Ə.C.Əmirov NQÇİ-lərdə və N.Nərimanov adına NQÇİ-nin Daşgil sahəsində də formalaşan lay suları qapalı sistemdə utilizasiya olunur. 

Ümumiyyətlə, 2016-cı ildə Birlik üzrə 5616 min kubmetr lay suyu çıxarılmış, bunun 5544 min kubmetri, yəni 98,7 faizi utilizasiya olunmuşdur. Neft və qazçıxarma idarələrində orta hesabla gündəlik formalaşan 15 min kubmetr lay suyu 139 utilizasiya quyusuna vurulur.