10 aprel 2017 22:38
264

Danimarka Rusiya qazının nəqlinə maneə olacaq dəyişikliyə hazırlaşır

Danimarka hökuməti  Rusiya  qazının  Almaniyaya nəqlini həyata keçirəcək  “Şimal axını-2”  boru xəttinin ölkənin ərazi sularından keçməsinə maneə törətmək məqsədilə  qanunvericiliyə dəyişikliyi nəzərdən keçirir.

Belə ki,  Danimarka hökuməti  xarici siyasət və təhlükəsizlik səbəbindən irəli gələrək  boru xətlərinin  ölkə ərazisindən  keçməsini qadağanetmə səlahiyyəti verən  dəyişiklik təklifi hazırlayıb. Hökumət bu təklifi keçən həftə qarşı tərəfin “Şimal axın-2” təbii qaz boru xəttinin Danimarka sularından keçirməsi üçün müraciətindən  dərhal sonra ərsəyə gətirib. 

Məsələni şərh edən Danimarkanın  enerji və iqlim naziri Lars Kristian Lilleholt  təhlükəsizlik və xarici siyasət perspektivindən baxaraq “bəli və ya xeyr demək”  imkanına sahib olmaq istədiklərini,  bu anda yalnız ekoloji səbəblərlə  boru xətti layihələrinə qadağa qoya bilmək ehtimalının olduğunu bildirib.

Bəzi Avropa Birliyi (AB)  ölkələri  Rusiyadan  enerji asılılığını artıracağı səbəbindən  11 milyard ABŞ dolları dəyərində olan layihəyə  qarşı çıxırlar.  “Şimal axını-2” boru xətti  Baltik dənizinin dibindən keçməklə  Almaniyaya  ildə 55 milyard  kubmetr  həcmində Rusiya qazını daşımağı nəzərdə tutur. ABŞ,  bəzi Mərkəzi və Şərqi Avropa ölkələri də  layihənin əleyhdarları olsalar da,   Almaniya “Şimal axını-2”ni  dəstəkləyir.

Qeyd edək ki,  “Qazprom” və layihənin digər səhmdarları olan Almaniyanın “E.ON “ və “BASF SE/Wintershall Holding”, həmçinin “Royal Dutch Shell” (İngiltərə-Niderland), “OMV “ (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” boru xəttinin ölkənin Baltik dənizi sularından keçməsi üçün Danimarka hökumətinə müraciət etmişdilər.

Ceyhun Piriyev, “İki sahil”