ABŞ-ın Suriya əməliyyatı nefti bahalaşdırıb

10 aprel 2017 22:41
238

ABŞ Suriya rejiminə məxsus obyektləri raket hücumuna  məruz qoyduqdan sonra dünya bazarlarında neftin qiymətləri artıb.

Bununla da  Nyu-Yorkun NYMEX əmtəə birjasında   satılan Qərbi Texas neftinin (WTI) may ayı üçün olan fyuçersilərinin qiyməti  1,24 dollar yüksələrək  hər barrel üçün 52,94  ABŞ dollarına çatıb ki, bu da mart ayının 7-dən bəri ən yüksək qiymətdir. Lakin bu qiymət  sonradan enməyə başlayıb. 

ICE London qitələrarası birjasında  satılan “Brent” markalı  neftin bir barreli isə iyun fyuçersilərin  1,19 dollar artaraq  56,08 dollara  çatıb.  Axırıncı dəfə mart ayının 7-də bu səviyyədə olan qiymət  sonradan enməyə başlayıb. Ümumilikdə, “Brent” markalı neftin qiymətində həftə ərzində 4 faiz artım müşahidə edilib. 

Ekspertlər  neftin qiymətlərindəki artımın ani reaksiya nəticəsində baş verdiyini,  artımın Suriyadan çox,  ABŞ ilə Rusiya  və  İran arasındakı gərginliyin artması səbəbindən baş verdiyini bildirirlər. Çünki Suriyada hasilatın səviyyəsi yüksək olmadığından bu ölkədə baş verənlərin birjalara təsir imkanı elə də real deyil. ABŞ-ın bu addımı bütün bölgədə riskləri artırsa da, neft  təklifinin, xüsusilə də  şist neftinin hasilatının yüksək səviyyədə olması qiymət artımını məhdudlaşdıra bilər.

Analitiklərin  fikirlərinə görə,  neftin  qiymətlərindəki artım  əməliyyatların İraqda keçirilmədiyi  müddətdə  keçici ola bilər.

“Bloomberg” agentliyinin əldə etdiyi məlumata  görə, ötən gün səhər saatlarından başlanan raket zərbələrinin əsas hədəfi  Suriyadakı hərbi obyektlər, təyyarə və yanacaq tankerləri olub.

Ceyhun Piriyev, “İki sahil”