12 aprel 2017 18:04
278

Saatlının daha iki kəndinə təbii qaz verilib

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq Saatlının Məmmədabad və Qazanbatan kəndlərinə ilk dəfə təbii qaz verilib.

Ümumilikdə, 489 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 9 min 363 metr polietilen, 39 min 69 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndlərə “mavi yanacağ”ın verilməsi münasibətilə Qazanbatan kəndində təşkil olunan mərasimdə çıxış edənlər son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb, təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndiriblər. Bildirilib ki, Məmmədabad və Qazanbatan kəndləri də daxil olmaqla, son iki ildə rayonun 44 yaşayış məntəqəsindən 32-nə təbii qaz verilib. İki yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrinin sayı 34-ə çatacaq.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.