ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EİA) rəsmi internet səhifəsində yayılan raportda cari və gələn ilə dair neftin qiymətində ortalama artım proqnozları açıqlanıb. EİA-nın cari ilin aprel ayına olan statistik göstəricilərinə söykənən “Qısamüddətli enerji mənzərəsi” raportunda ABŞ-ın neft hasilatında artımın müşahidə olunacağı və dünya birjalarında “qara qızıl”a olan tələbatın yüksələcəyi bildirilib. Qurum bu səbəbdən 2017 və 2018-ci illər üçün “qara qızıl” bazarında qiymətləndirmə proqnozlarının bir qədər aşağı olacağını açıqlayıb.
EİA-nın qiymətləndirmə proqnozlarının enməsi səbəbindən 2017-ci ildə Texas neftinin (WTI) 1 bareli üçün ortalama qiymətin 52 dollar, dünyada ən çox istifadə olunan neft markası “Brent”in 1 bareli üçün ortalama qiymətin 54 dollar səviyyəsində müşahidə olunacağı açıqlanıb. Halbuki qurumun ötən aya olan “Qısamüddətli enerji mənzərəsi” raportunda 2017-ci il üçün Texas neftinin 1 barelinin ortalama qiyməti 54 dollar səviyyəsində müşahidə olunduğu halda “Brent” markalı neftin 1 barelinin ortalama qiymətinin 55 dollar səviyyəsində müşahidə olunması proqnozlaşdırılmışdı.
EİA-nın proqnozlarındakı geriləmə gələn il üçün təxmin edilən rəqəmlərə də təsirsiz ötüşməyib. Belə ki, qurumun hesabatında gələn il “WTI” markalı neftin 1 barelinin ortalama qiymətinin 55 dollar səviyyəsində olacağı təxmin edilir.
Qeyd edək ki, ötən ayın proqnozlarında gələn il üçün “WTI” markalı neftin ortalama qiymətinin 56 dollar səviyyəsində olacağı bildirilmişdi. Sözügedən geriləmə 2018-ci ildə “Brent” markalı neftin qiymətinə təsir etməyəcək. Belə ki, son statistik göstəricilərə görə, “Brent” markalı neftin ortalama qiyməti ötən ayın raportunda olduğu kimi, bu ay da 57 dollar səviyyəsində sabit qalıb.
ABŞ-ın neft hasilatına da toxunulan raportda 2017-ci ildə ölkənin gündəlik ortalama 9,2 milyon barel “qara qızıl” hasil edəcəyi proqnozlaşdırılıb. Bu göstərici ötən ayın raportundakı rəqəmlərlə üst-üstə düşür. 2018-ci ilin proqnozlarında isə artım müşahidə olunması təxmin edilir. Belə ki, EİA-nın təxmin etdiyi rəqəmlərə görə, gələn il ABŞ-da gündəlik neft hasilatı 9,7 milyon bareldən 9,9 milyon barelə yüksələcək.
Dünyada “qara qızıl”la bağlı tələb və təklifi araşdıran EİA cari ildə bütün dünyada gündəlik hasilatın ortalama 98,2 milyon bareldən 98,3 milyon barel səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. 2018-ci ildə isə gündəlik hasilatın 99,9 milyon bareldən 100,2 barel səviyyəsinə yüksəlməsi gözlənilir.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb