Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrin icrası ilə bağlı müsbət fikirlər söyləyib, sahibkarlara tövsiyələr verib.
Həmin layihələr çərçivəsində görülən işlər və layihələrin cari statusu ilə tanışlıq məqsədilə aprelin 13-də bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Sumqayıta press-tur təşkil olunub.
Əvvəlcə "Azərikimya" İB-ə gələn media nümayəndələri birliyin etilen-polietilen zavodunda istehsalat sahələri və əsas qurğularla tanış olub, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, "SOCAR Polymer" layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının inşa olunması bu qurğuları xammalla təchiz edən etilen-polietilen zavodundakı "EP-300" istehsalatında rekonstruksiya keçirilməsinə, yeni qurğu və köməkçi istehsalatların tikintisinə zərurət yaradıb. İlkin mərhələdə "EP-300" qurğusunda məhsuldarlığın ildə 135 min tondan 190 min tona yüksəlməsi, yeni qurğuların tikilməsi hesabına hidrogenin qatılığının 90 faizdən 99,9 faizə çatdırılması, idarəetmə sisteminin yeniləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələlərdə "EP-300" qurğusunda 4 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogenləşmə blokunun reaktorları, nəzarət-ölçü cihazları yenilənəcək. Həmçinin müasir rəqəmsal idarəetmə sisteminin tətbiqi başa çatdırılacaq, infrastrukturun modernizasiyası - enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcək. Torpaq və bünövrə-hazırlıq işləri artıq tamamlanıb, geoloji və torpaq tədqiqat işləri isə yekunlaşmaq üzrədir. Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ictimai dinləmələr keçirilib. Mühəndislik, detallı layihələndirmə işləri davam etdirilir.
Media nümayəndələrinə SOCAR-la Avropanın ən böyük enerji şirkəti olan UNİPER (EON) tərəfindən birgə həyata keçirilən "Etilen-polietilen zavodunun buxar və elektrik enerjisi istehsalı sahəsində yeni buxar turbogenerator qurğusunun tikintisi" layihəsi haqqında da məlumat verilib.
Sonra KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində tikilən qurğularla tanış olublar. Bildirilib ki, layihə üzrə işlərin ümumilikdə 60 faizi başa çatıb. Layihə iki böyük qurğunun - polipropilen və yüksək sıxlıqlı polietilen qurğusunun inşa edilməsini və ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal olunmasını nəzərdə tutur. Polipropilen qurğusunun tikinti işləri 50 faiz yerinə yetirilib. Bura avadanlıqların quraşdırılması, boruların çəkilməsi, dəmir-beton, elektrik və dəmir konstruksiya işləri daxildir. YSPE qurğusunun dəmir-beton, metal konstruksiya və boruların hazırlanması işləri qrafik üzrə davam edir. Layihə başa çatdıqdan sonra hazırda ölkəmizə idxal olunan bir çox istehlak malları Azərbaycan şirkətləri tərəfindən Sumqayıt Kimya Sənaye Parkında istehsal ediləcək.
Press-tur iştirakçıları sonra tikilməkdə olan karbamid zavoduna baş çəkiblər. Məlumat verilib ki, tikinti işlərinin bu ilin sonunda yekunlaşması və zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 metrik ton ammonyak (aralıq məhsul) və 2000 metrik ton karbamid istehsal edəcək (illik təxminən 650-660 min ton). Karbamidin istehsalı üçün əsas xammal təbii qazdır və zavodda gündəlik qaz sərfiyyatının 1,5 milyon kubmetr olacağı gözlənilir. İstehsal ediləcək azot gübrəsinin daxili tələbatı tam ödəməsi və izafi məhsulun xarici bazarlara ixrac olunması gözlənilir. “Samsung” şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində iş həcminin təxminən 94 faizi artıq icra edilib. Zavodun davamlı, fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək üçün SOCAR tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Press-tur Sumqayıt Kimya Sənaye Parkında yekunlaşıb. Jurnalistlərə məlumat verilib ki, Sumqayıt Kimya Sənaye Parkında daha 5 müəssisə bu il, 2 müəssisə isə 2018-ci ildə fəaliyyətə başlayacaq. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkında 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
KİV nümayəndələri Sumqayıtda həyata keçirilən layihələr haqqında ətraflı məlumat əldə edib, istehsalat sahələri ilə tanış olublar.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb