14 aprel 2017 14:20
221

OPEC hasilatı azaldıb

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) gündəlik hasilatı mart ayında əvvəlki ayla müqayisədə 153 min barrel azalaraq 31 milyon 930 min barrel səviyyəsinə enib. OPEC-in “Neft Birjası” raportunda mart ayında dünyada “qara qızıl”a olan tələbin azalması da qeyd olunur. Belə ki, martda, ümumilikdə, dünyada neft olan tələbat fevral ayının göstəriciləri ilə müqayisədə gündəlik 226 min barrel azalma ilə 95 milyon 820 min barrelə qədər geriləyib. Amma bu göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə dünyada neftə olan tələbatda gündəlik 220 min barrel səviyyəsində artımın müşahidə olunduğu görünür.

Mart ayında OPEC-in gündəlik hasilatının 153 min barrel azalma ilə 31 milyon 930 min barrel səviyəsinə enməsi qurumun dünyada ümumi hasilat payının azalmasına səbəb olub. Belə ki, OPEC-in mart ayındakı gündəlik hasilat payı 33,3%-ə geriləyib. Kartelə üzv ölkələrdən Liviya gündəlik hasilatı ən çox azaldan ölkə olub. Gözlənilənlərin əksinə olaraq, martda Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı ən çox artıran ölkə olub.     

Liviya mart ayında gündəlik hasilatı təxminən 61 min barrel azaltdığı halda, Səudiyyə Ərəbistanı gündəlik 41 min barrel artımla gündəlik hasilat payını 9 milyon 994 min barrelə çatdırıb. OPEC-də ikinci ən böyük hasilat payına malik İraqın gündəlik hasilat payında cüzi geriləmə müşahidə olunub. Belə ki, İraqda gündəlik 8 min barrel azalma qeydə alınıb. Martda ən çox azalma müşahidə olunan Liviyadan sonra Birləşmiş Ərəb Əmirlikləri 32 min barrel, Nigeriya 30 min barrel geriləmə ilə gündəlik neft hasilatını ən çox azaldan 2 və 3-cü ölkələr olublar.

Bu il ötən illə müqayisədə dünyada neftə olan tələbatın 1 milyon 270 min barrel artımla gündəlik 96 milyon 320 min barrel səviyyəsinə yüksəlməsi gözlənilir. Həmçinin bu il OPEC-in “qara qızıl”a olan tələbatının gündəlik 600 min barrel artımla 32 milyon 200 min barrelə yüksəlməsi proqnozlaşdırılır. İqtisadçı analitiklər sözügedən artımın OPEC-ə üzv olmayan ölkələrə də təsir edəcəyini bildirirlər. Belə ki, kartelə qeyri-üzv ölkələrin neftə olan tələbatının ötən illə müqayisədə 580 min barrel artımla 57 milyon 890 min barrelə yüksəlməsi gözlənilir. 

Həmidağa Məcidov, “İki sahil”