14 aprel 2017 16:47
347

Saatlının daha iki kəndinə təbii qaz verilib

Saatlının qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.

İndiyədək rayonun 44 yaşayış məntəqəsindən 33-ü qazlaşdırılıb. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Sarıcalar və Qara Nuru kəndləri də əlavə olunub. Ümumilikdə 2049 abonenti olan kəndlərin qazlaşdırılması üçün 11 min 912 metr polietilen və 106 min 757 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kəndlərə təbii qazın verilməsi münasibətilə Qara Nuru kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Rahib Salahov sakinləri təbrik edib.

Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən R.Salahov kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, son iki ildə rayonun 30 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda rayonun qalan kəndlərinə də təbii qazın verilməsi istiqamətində iş aparılır. Layihələşdirmə işləri başa çatdıqdan sonra qalan 12 yaşayış məntəqəsində də qaz xətlərinin çəkilişinə başlanılacaq.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.