Prezident İlham Əliyev: Tezliklə “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi həm bizim, həm bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik.
Bu gün mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qarşıdakı 100 ildə enerji təhlükəsizliyinin təminatını və şaxələndirilməsini şərtləndirən əsas amillərdən olan “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi, eləcə də bu layihə ilə bağlılığı olan ölkələr və dünyanın maliyyə qurumlarının sıx əməkdaşlığı sayəsində uğurla reallaşdırılır.
Avropanın çox nüfuzlu siyasi və maliyyə qurumlarının rəhbərləri dəfələrlə bəyan ediblər ki, bu layihə “qoca qitə” üçün prioritetdir. “Cənub Qaz Dəhlizi”nə beynəlxalq dəstək də gündən-günə güclənir, bu nəhəng layihənin reallaşdırılması yolunda süni maneələr tərəfdaş ölkələr tərəfindən aradan qaldırılır.
“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının güclü dəstəkçilərindən olan, dünyanın idarə edilməsini yönləndirən və supergücü hesab edilən Amerika Birləşmiş Ştatlarının dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan bu ilin fevralında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məsvərət Şurasının 3-cü iclasında bildirib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır.
Bu günlərdə İtaliyanın Dövlət Şurası “Cənub Qaz Dəhlizi”nin seqmetlərindən olan TAP-ın tikintisinə icazə verib. Belə ki, Şura bununla İtaliyanın Apuliya vilayətinin layihə ilə bağlı rəsmi etirazını rədd edib. Dövlət Şurasının iclasında İtaliyanın Melendunyo şəhəri və Apuliya vilayətləri rəhbərliklərinin TAP-ın təbiəti mühafizə qanunvericiliyinin mövcud normalarına uyğunluğuna ciddi şübhələrin ifadə olunduğu müraciətləri qəbul edilməyib. Şura bu qərarı ilə TAP-ın tikintisi zamanı ətraf mühitin mühafizəsi ilə bağlı bütün məsələləri əvvəlcədən təhlil edən və qaz borusunun İtaliya torpağına çıxmalı olan Meledunyo şəhərinin dənizkənarı zonasında yer seçimini təsdiq edən xüsusi komissiyanın gəldiyi qənaəti qəbul edib.
Məlum olduğu kimi, Qərbin özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçməsini həzm edə bilməyən bəzi xarici qüvvələrin təsiri altında olan İtaliyanın “5 Star” Hərəkatı, həmin qüvvələrdən maliyyə dəstəyi alan müəyyən QHT-lər həmin ərazidə guya ekoloji tarazlığın pozulacağını bəhanə edərək TAP-ın marşrutunun dəyisdirilməsini tələb edir. Amma İtaliya rəsmiləri bunu mümkünsüz sayır. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib ki, Azərbaycan qazını Avropaya nəql edəcək TAP-ın Adriatik dənizindən İtaliya sahilinə çıxan hissəsinin marşrutunun dəyisdirilməsi mümkün deyil. O qeyd edib ki, bu hissənin dəyisdirilməsi kəmərin inşa olunmaması anlamına gələ bilərdi və bu səbəbdən hər hansı dəyişiklik mümkün deyil. İtaliya parlamentinin Deputatlar Palatasında keçirilən dinləmələr zamanı Karlo Kalenda TAP-ın İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini və layihənin tikintisinin təsdiqləndiyi formada davam etdiriləcəyini bildirib.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu günlərdə Bakıda keçirilən “Caspian Energy 2017” 4-cü beynəlxalq forumunun iştirakçılarına videomüraciətində bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir. Öz növbəsində Azərbaycan Avropaya enerji diversifikasiyası baxımından çox mühüm ölkədir. M.Şevçoviç bildirib ki, Avropa İttifaqı 2020-ci ildə Azərbaycandan qaz alacağına əmindir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı bildirib ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə də bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Ancaq heç nəyə nail ola bilmədilər: “Bu il “Cənub Qaz Dəhlizi”nin icrası ilə bağlı da önəmli hadisə baş verib. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Bu layihədə iştirak edən bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular. Məşvərət Şurasının yekunu olaraq qətnamə qəbul edildi. Bu qətnamədə yenə də ölkəmizin liderlik rolu qeyd edilir. “Cənub Qaz Dəhlizi”nin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək “Cənub Qaz Dəhlizi”nin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik”.
Zahid Rza, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb