Səudiyyə Ərəbistanına səfəri ilə bağlı mətbuat nümayəndələrinə açıqlama verən Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəsinin gündəlik neft hasilatının azaldılmasında rəsmi Ər-Riyad ilə əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə ümid bəslədiyini bildirib.
Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdən sonra ardından mətbuata açıqlama verən V.Matviyenko Səudiyyə Ərəbistanı və Rusiyanın Vyana sazişinin tələblərinə uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirdiklərini bildirirərək bu istiqamətdə hər iki ölkənin əməkdaşlığını yüksək qiymətləndirib və sözügedən əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini söyləyib.
Federasiya Şurasının sədri açıqlamasında “Rusiya və Səudiyyə Ərəbistanı Vyanada əldə olunan sazişin tətbiq olunmasının əsas təminatçıları hesab oluna bilər. Səudiyyə Ərəbistanı eynən Rusiya kimi gündəlik neft hasilatını azaltma öhdəliyini tam yerinə yetirib. Bu istiqamətdəki əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə əminəm. Heç bir tərəf xaotik inkişafdan mənfəət əldə etməz” ifadələrini işlədib.
Xatırladaq ki, Rusiya və Səudiyyə Ərəbistanı Vyana sazişindən öncə də neft hasilatının azaldılması istiqamətində eyni mövqe nümayiş etdirirdilər. Hələ 2016-cı ilin noyabrında hər iki dövlətin səlahiyyətli nümayəndələri “qara qızıl” bazarında sabitlik yaratmaq məqsədi ilə hasilatı azaltmaq istiqamətində ortaq bəyanat vermişdilər. Daha sonra Rusiyanın energetika naziri Aleksandr Novak Çində G-20-lərin sammiti keçirildiyi ərəfədə səudiyyəli həmkarı Xalid əl-Falihlə bir araya gələrək dünya birjalarında sabitliyin yaranmasına dəstək məqsədi ilə gündəlik hasilatı azaltmaqla bağlı ikitərəfli sənəd imzalamışdılar.
Vyanada Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və kartelə qeyri-üzv ölkələr arasında gündəlik hasilatı azaltmaq üçün əldə olunan razılığa görə, Rusiya gündəlik hasilatı 300 min barel azaltmaqla bağlı öhdəlik götürdüyü halda, OPEC-də ən böyük hasilat payına malik Səudiyyə Ərəbistanına kartel daxilində müəyyən hasilat azaltma payı nəzərdə tutulmuşdu.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb