Rusiyanın ən böyük enerji şirkətlərindən hesab olunan “Qazprom”un Türkiyəyə nəql etdiyi təbii qazın həcmində artım qeydə alınıb. Belə ki, cari ilin 1 yanvar-15 aprel müddətindəki göstəricilər ötən ilin eyni dövrü ilə müqayisə olunduqda Rusiya şirkətinin Türkiyəyə nəql etdiyi təbii qazın həcmində 25% artımın müşahidə olunduğu gözə çarpır.
“Qazprom”un rəsmi açıqlamasına görə, sözügedən müddət ərzində Türkiyə ilə bərabər, bir çox ölkəyə nəql olunan təbii qazın həcmində artım müşahidə olunub. Türkiyə, Mərkəzi Asiya və Cənub-şərqi Avropa “Qazprom” şirkətinin təbii qaz nəqlində ən çox artımın müşahidə olunduğu regionlardır. Türkiyəyə nəql olunan Rusiya qazının 25% artdığı bildirilən açıqlamada Macarıstan, Serbiya və Bolqarıstan kimi ölkələr də “Qazprom”un siyahısında ön sıralarda yer alır. Belə ki, Macarıstan 31,5%, Serbiya 32,5%, Bolqarıstan 20,9% artımla şirkətin ən çox təbii qaz nəql etdiyi ölkələr sırasında yer alıb.
Xatırladaq ki, cari ilin yanvar ayının ilk 15 gününə söykənən göstərcilərinə görə, “Qazprom”un Türkiyə və Avropa ölkələrinə təbii qaz ixracında da 25,5% artım müşahidə olunmuşdu. O zaman “Qazprom”un rəsmi açıqlamasına görə, şirkət yanvar ayının ilk 15 günündə Türkiyə və Avropadakı alıcılarına 1,9 milyard kubmetr qaz satmışdı. Həmçinin Avropanın rus qazına olan tələbatı 2016-cı ildə olduğu kimi 2017-ci ilin ilk rübündə də eyni səviyyədə qalıb. Bu il yanvarın 11-də “Qazprom” 624 milyon kubmetr göstərici ilə Türkiyə və Avropaya nəql etdiyi təbii qazın həcminə görə rekorda imza atmışdı.
Xatırladaq ki, “Qazprom” şirkətinin 2017-ci ilin ilk rübündə xarici ölkələrə ixrac etdiyi təbii qazın həcmi 15% artaraq 51 milyard kubmetrə yüksəlib. Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə göstərir ki, bu sahədə 6,6 milyard kubmetr artım müşahidə olunub.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb