İnsan Resursları Departamentində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “ASAN school” Master-2 layihəsi çərçivəsində SOCAR-da təcrübə keçəcək könüllülərlə görüş keçirilmişdir.
Departamentin rəisi Asif Bəkirli müsabiqə nəticəsində təcrübə keçmək haqqı qazanmış gəncləri təbrik etmiş və onlara uğurlar arzulamışdır. A.Bəkirli vurğulamışdır ki, şirkətdə istehsalat təcrübəsi keçmək üçün yaradılan şərait könüllülər üçün bir fürsətdir. Təcrübə müddətində qazanılmış bilik, bacarıq və davranış keyfiyyətləri onlara lider kimi formalaşmaqda və karyeralarının inkişaf etdirilməsində faydalı olacaq. Qeyd olunmuşdur ki, ödənişsiz istehsalat təcrübəsi keçən könüllülər gələcəkdə SOCAR-ın vakansiyalarına müraciət edə bilərlər. Daha sonra Agentliyin İnsan Resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev və ASAN könüllüləri onlar üçün SOCAR-da yaradılan şəraitə görə şirkət rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, SOCAR və ASAN xidmət arasında 2016-cı ilin oktyabrında bağlanmış Sazişə görə mütəmadi olaraq ASAN könüllülərinin şirkətdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur. Cari ildə ASAN könüllüləri arasından SOCAR-da təcrübə keçmək üçün müraciət edən 75 nəfərdən 59-u ilkin seçim meyarlarına uyğun gəlmiş, onlardan 41 nəfəri test imtahanında uğur qazanmışdır. Müsahibə mərhələsində iştirak edən 38 nəfərdən 28 nəfəri SOCAR-da istehsalat təcrübəsi keçmək hüququ qazanmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb