“Qərbi Abşeron” yatağı üçün 10 nömrəli özülün tikintisi davam etdirilir.
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağı üçün yeni 10 nömrəli stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 9 dayaq bloku üzərində yığılacaq və dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək.
Ümumi sahəsi 3 min 480 kvadratmetr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 4 minik meydançası, 7 yanalma meydançası, 9 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 2113 ton metal sərfi nəzərdə tutulub. Artıq dayaq blokları, aralıq seksiyaları, piyada körpüləri, minik və yanalma meydançaları, çirkab suları üçün çənlər, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb, 54 svayın və quyu istiqamətləndiricilərinin hamısı vurulub. Avadanlıqaltı şit və artezian nasoslarına xidmət meydançası tikilmiş, qaynaq və bərkitmə işləri tamamlanıb. Yanğınsöndürmə, yanacaq və içməli su xətlərinin çəkilişi yekunlaşmaq üzrədir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.
10 nömrəli özüldən qazılacaq quyulardan ümumilikdə sutkada 1200-1500 ton neft hasil olunacağı gözlənilir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb