Rusiyanın energetika nazirinin müavini Kiril Molotsov ölkəsinin neft hasilatının 2016-cı ilin oktyabrından bəri 2,16% azalaraq gündəlik 1,5 milyon ton səviyyəsinə endiyini bildirib. Moskvada mətbuat nümayəndələrinə açıqlama verən Molotsov Rusiyanın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə birlikdə gündəlik neft hasilatının azaldılmasına dair anlaşmaya tam əməl etdiyini bildirib.
Rusiyanın neft hasilatının 2016-cı ildən bəri 2,16% azaldığını bildirən K.Moltsov “hazırda gündəlik hasilatımız təxminən 1,5 milyon ton səviyyəsindədir” ifadəsini işlədib. Vyanada OPEC ölkələri ilə Rusiyanın da aralarında yer aldığı 11 qeyri-üzv istehsalçı arasında imzalanmış sazişin müddətinin cari ilin iyulunda bitməsinə baxmayaraq, gündəlik hasilatın azaldılmasına dair anlaşmanın vaxtının uzadılması ilə bağlı müzakirələrdən hələ bir nəticə əldə olunmayıb.
Son illərdə neftin qiymətində müşahidə olunan enişə baxmayaraq, ötən il Rusiya neft hasilatında 527 milyon tonluq göstərici ilə tarixinin ən yüksək səviyyəsinə qalxmışdı.
İstər OPEC ölkələrində, istərsə də kartelə qeyri-üzv ölkələrdə gündəlik hasilatın azaldılması ixracat səviyyəsinə də təsirsiz ötüşməyib. Belə ki, bir sıra OPEC ölkələrində ixracat səviyyəsi xeyli geriləyib. OPEC-də ən böyük hasilat payına malik Səudiyyə Ərəbistanının neft ixracatı cari ilin fevralında son iki ilin ən aşağı səviyyəsinə enib. Səudiyyə Ərəbistanı fevral ayında gündəlik 6,95 milyon barel neft ixracı həyata keçirib. Halbuki, bu rəqəm yanvar ayında gündəlik 7,71 milyon barel səviyyəsində olub.
İxracdan fərqli olaraq ölkənin gündəlik neft hasilatında artım qeydə alınıb. Belə ki, sözügedən dövr ərzində Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 9,7 milyon bareldən 10,01 milyon barel səviyyəsinə yüksəlib. Ölkənin fevral ayındakı ixrac rəqəmləri 2015-ci ilin mayından bəri müşahidə olunan ən aşağı göstərcidir.
OPEC-in ikinci ən böyük hasilat payına malik ölkəsi İraqın gündəlik neft ixracatı fevralda 3,88 milyon bareldən 3,869 milyon barelə enib. Səudiyyə Ərəbistanı və İraqdan fərqli olaraq kartelə üzv olmayan Kanadanın gündəlik ixracat həcmi 2,7 milyon bareldən 2,87 barelə yüksəlib.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb