20 aprel 2017 14:25
553

Heydər Əliyev adına NEZ ilin birinci rübünü uğurla başa vurub

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) ölkə iqtisadiyyatının inkişaf etdirilməsində özünəməxsus yeri və rolu danılmazdır. Şirkətin bir çox əmək kollektivləri kimi, “Azərneftyağ” NEZ-in ona qoşulmasından sonra daha da monolit, sıx qüvvəyə çevrilmiş Heydər Əliyev adına Neft Emalı Zavodunun neft emalçıları neft sənayesinin inkişafına mühüm töhfələr verirlər. 

Təsadüfi deyil ki, dövlət plan-tapşırıqlarının vaxtında yerinə yetirilməsi məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.  Zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində uğurlar əldə edilmişdir. SOCAR-n nəhəng emal müəssisəsi sayılan Heydər Əliyev adına NEZ ölkə iqtisadiyyatının möhkəmlənməsinə mühüm töhfələr verməkdədir. Zavod kollektivi 2017-ci ilin birinci rübünü uğurla başa vurmuşdur.

Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin, o cümlədən Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Belə ki, yaxın gələcəkdə müəssisədə yenidənqurma, modernizasiya  işləri aparmaqla, irili-xırdalı 12 müasir texnoloji qurğu inşa ediləcəkdir. Qeyd olunan tədbirlərdən biri keçmiş “Azərneftyağ” NEZ-in strukturunda olan məhsuldarlığı 250 min ton/il olan bitumun alınması qurğusunun demontajı və Heydər Əliyev adına NEZ-də ölkə daxili tələbata uyğun məhsuldarlığı 400 min ton/il olan Yeni bitumun alınması qurğusunun inşasıdır. Bu məqsədlə, POERNER Ingenieurgesellschaft GmbH (Poerner) tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunda  Azərbaycan neftlərindən bitum istehsalının təşkil olunmasının araşdırılması işlərinə başlanılmış, zavodda əldə olunan vakuum qalıqları “Poerner” şirkətinə göndərilmiş, Almaniya və Avstriyada laboratoriya analizləri və keyfiyyətli yol bitumun alınması istiqamətində sınaqlar aparılmışdır. Aparılmış təhlillərin nəticəsi olaraq “Poerner” şirkətindən Bitum qurğusu üzrə baza layihələndirmə sənədinin hazırlanması məqsədilə texniki və kommersiya təklifi alınmış və müvafiq olaraq müqavilə danışıqları aparılmışdır. Təməlqoyma mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi bu qurğunun yaxın günlərdə  inşasına başlanılmışdır. Bununla bağlı Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir. 

Mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak etmişlər. 

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov layihənin ölkə üçün əhəmiyyətindən danışmış, zavodda aparılan işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni Bitum qurğusu Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurulması layihəsi çərçivəsində tikilir. “Azfen” şirkəti qurğunun tikinti-quraşdırma işlərini həyata keçirəcək yerli podratçının müəyyən olunması məqsədilə keçirilən seçim prosedurunun qalibi olmuşdur. Vitse-prezident bu münasibətlə “Azfen” şirkətinin bütün kollektivini təbrik etmiş, uğurlar arzulamışdır.

“Azfen” şirkətinin baş direktoru Həmid Həsənov göstərilən etimada görə təşəkkürünü bildirmiş, zavodda aparılacaq tikinti işlərinin beynəlxalq standartlara uyğun və vaxtında icra olunacağına əminliyini ifadə etmişdir. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanmışdır. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov imzalamışlar.

Artıq istismara verilmə mərhələsində olan  texnoloji qurğuların  soyutma  sisteminin təkmilləşdirilməsi  məqsədi ilə müasir su soyutma qurğusu (qradirni) da zavodun yenidən qurulması istiqamətində uğurlu işlərdən sayılır. 
Su soyutma qurğusunun (Qradirni) baza layihəsini Heydər Əliyev adına NEZ ilə Fransanın  “HAMON THERMAL EUROPE” firması və  mövcud istismarda olan texnoloji  qurğulara  verilən  təmizlənmiş və soyuq  su  üçün əlaqələndirici  boru xətlərin  çəkilməsini  isə “Neftqazelmitədqiqatlayihə” İnstitutu hazırlamışdır. 

Layihə tapşırığına uyğun olaraq su soyutma qurğusunun dövr etdirilən suya görə məhsuldarlığı 7000m3/saatdır. Zavodda modernizasiya və yenidənqurma ilə əlaqədar olaraq bu layihəyə baxılmış,  “Qradirni”yə təzə qurğuların qoşulması nəzərə alınmışdır. Son illər zavodda texnoloji qurğuların səmərəli dərəcədə əsaslı təmiri, mütərəqqi texnologiyanın tətbiqi, yenidənqurma işlərinin görülməsi, infrastrukturların genişləndirilməsi və həyata keçirilən digər böyük  tədbirlər onun inkişafını təmin etmişdir. Bunu cari ilin birinci rübündə qazanılan uğur və nailiyyətlər təsdiqləyir. Zavodun kollektivi  2017-ci ilin 3 ayı ərzində SOCAR tərəfindən verilən tapşırıqların və həvalə olunan işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal  proqnozlarının yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək yüksək göstəricilərə nail olmuşdur.  Məhz bunun  nəticəsidir ki, ilin ötən dövrü ərzində SOCAR  tərəfindən neft emalı və  neft məhsullarının istehsalına dair zavoda qoyulan proqnoz tapşırıqları bir qayda olaraq artıqlaması ilə  yerinə yetirilmişdir.   

Azərbaycan Respublikasının təsdiq olunmuş yanacaq-enerji balansına müvafiq SOCAR-ın Baş ofisi tərəfindən 2017-ci ilin birinci rübündə zavodumuza 1560,8 min ton xam neft və “Qaradağ” QEZ-dən 6 min ton qaz benzinin, cəmi 1566,8 min ton xammalın emalı proqnozlaşdırılmışdır.

Faktiki olaraq həmin hesabat dövründə 1486,3 min ton neft və 19,8 min ton kənardan daxil olan xammal, cəmi 1506,1 min ton xammal emal edilmişdir. 2017-ci ilin əvvəlindən zavodun ayrı-ayrı istehsal sahələrində texnoloji intizamın yaxşı səviyyədə olması və yaranmış şəraitə uyğun iş rejiminin seçilməsi nəticəsində işçilərimiz tərəfindən sərf olunan enerji resurslarına qənaət edilmişdir. 
2017-ci ilin birinci rübündə SOCAR-ın tapşırığına əsasən, “Azərenerji” ASC-ni soba mazutu məhsulu ilə təmin etmək üçün zavodda “mazut rejimi” tətbiq edilmişdir. Bunun nəticəsində ilin əvvəlindən neftin faktiki emal dərinliyi 84,3% təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 6,7% artmışdır. 

İlin əvvəlindən 306,5 min ton avtomobil benzini, 597,8 min ton reaktiv mühərrik və dizel yanacaqları, 57,2 min ton maye qaz, 41,5 min ton neft koksu, 17,3 min ton neft bitumu, 11,9 min ton DT markalı mühərrik yanacağı, 3,7 min ton müxtəlif növ sürtkü yağları, kimya sənayesi üçün 47 min ton hidrotəmizlənmiş benzin və 16,2 min ton təmizlənmiş quru qaz, “Azərenerji”-yə və başqa təşkilatlara 181,8 min ton soba mazutu və sair neft məhsulları istehsal edilmişdir. Ümumi olaraq həmin dövrdə zavodda 442,7 milyon manat dəyərində əmtəəlik neft məhsulları istehsal edilmişdir.

2017-ci ilin əvvəlindən ümumi neft məhsullarının satışı 1384,8 min ton təşkil etmişdir ki, bunun 1093,9 min tonu respublika daxilində realizə olunmuşdur və 290,9 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda ixracın payı 21% təşkil etmişdir. Zavodda istehsal olunan mühərrik yanacaqlarının 24,1%-i xarici bazarda satılmışdır.

 Heydər Əliyev adına Neft Emalı Zavodu kollektivinin cari ilin birinci rübündə əldə etdiyi nəticələr bir daha təsdiq edir ki, neftayıranlar gələcək aylarda da dövlət plan-tapşırıqlarına uyğun olaraq üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, ölkənin sosial-iqtisadi inkişafının təminatçısı olacaqlar.

Şamil Həşimov