Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılmasına dair bəzi ölkələrlə ilkin razılıq əldə edilib.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib. O bildirib ki, ötən üç ay ərzində sazişin iştirakçısı olan ölkələr götürdükləri öhdəliklərə yaxşı əməl ediblər. Lakin hələlik nəzərdə tutulan hədəfə yetişmək mümkün olmayıb. Qarşıda daha vacib mərhələ var.
OPEC-in baş katibi Məhəmməd Barkindo isə ötən gün deyib ki, kartel neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarını mayın 25-də verəcək.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.