21 aprel 2017 14:24
366

Yanvar-mart aylarında 852,9 km yeni qaz kəməri çəkilib

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq son illər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər görülüb. 
2017-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Belə ki, ilk növbədə kənd və qəsəbələrə daşıyıcı qaz kəmərlərinin çəkilməsi, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə yeni qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin birinci rübündə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. 

Yanvar-mart aylarında 852,9 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 46,2 km qaz kəmərləri əsaslı təmir edilib, yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, Goranboy, Quba, Qusar, Oğuz, İmişli, Sabirabad və Biləsuvar rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatlarının qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə normativ-texniki sənədlərə uyğun yeni qaz ölçü qovşaqlarının tikintisi işləri aparılır və istismara verilir. 
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-cı ilin yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27554 yeni abonent qeydiyyata alınıb ki, bunun da  12570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb. Həmçinin 1 aprel 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.  

Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Bununla yanaşı, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilib. 

Birinci rüb ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 4903 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Eyni zamanda Birliyin Çağrı mərkəzi olan”104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən qeydə alınıb, müxtəlif xarakterli çağırışlar aidiyyəti üzrə elektron qaydada sahələrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilir. Bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir. 

Mərkəzin dispetçeri tərəfindən daxil olan zəng qəbul edilir, abonent haqqında məlumatlar (qəza baş veridiyi ünvan, əlaqə telefonu və s.) qeydiyyata alınaraq müraciətə uyğun tabeli təşkilatlara elektron formada göndərilir. Tabeli təşkilatlar müraciəti aldıqda dərhal araşdırma aparır və araşdırmaya uyğun ünvana briqada göndərir, ünvana  çatan briqada işə başlayır çatışmazlıqları aradan qaldırırlar. İş başa çatdıqdan sonra isə işin icrası barədə məlumatların çatdırılmasını təmin edirlər. Birlik tərəfindən abonentlərə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi üçün işlər  davam etdirilir. 

2017-ci ilin yanvar-mart ayları ərzində “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunub, istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 29442 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, abonentlərin qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olub və bu istiqamətdə işlərin icrası uğurla davam etdirilir.

Nüsrət Məmmədov, “İki sahil”