Bu gün SOCAR gənc ixtisaslı kadrların yetişdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Neftçi-kimyaçı ixtisaslarına marağı artırmaq, bu peşələrin əvvəlki şöhrətini bərpa etmək üçün çoxşaxəli fəaliyyət proqramı həyata keçirilir. Bunlardan biri də “Azərikimya” İstehsalat Birliyinin (İB) SOCAR-ın İnsan Resursları Departamenti ilə birgə bu məsələnin həlli istiqamətində xüsusi tədbirlər proqramını reallaşdırmasıdır.
Mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə elan olunmuş müsabiqənin 31 nəfər qalibi “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçir. Dördüncü həftədir ki, gənclər Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi təcrübə keçirlər. Biz də bu gənclərlə görüşüb iki aylıq təcrübə dövründəki fəaliyyətləri, təcrübə keçdikləri sahə və ümumilikdə gələcək karyeraları ilə bağlı fikirlərini öyrəndik.
Ötən saylarımızın birində Etilen-polietilen zavodunun Polietilen istehsalatında təcrübə keçən tələbələrin fəaliyyətindən bəhs etmişdik. Bu dəfə isə zavodun Etilen istehsalatına yolumuzu saldıq. Bu istehsalat özündə Piroliz, Piroliz qazının sıxılması və təmizlənməsi, Qazayırma, Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması, Piroqazın və suyun hazırlanması, Hava təchizatı və estakada təsərrüfatı və digər sahələri birləşdirir. Öncə Piroliz və Qazayırma sahələrində olduq, sonra isə müəssisənin İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasına baş çəkərək ümumilikdə təcrübə keçən 8 nəfər gənclə görüşdük. Gəlin, onlarla özlərinin təqdimatında tanış olaq:
Turan Məmmədov: - 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsini kimya mühəndisliyi ixtisası üzrə bitirmişəm. Etilen istehsalatının Piroliz sahəsində 9-cu dərəcəli mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Etilen istehsalatının rəis müavini Nəriman Əliyevdir.
Şahin Qurbanov: - 2015-ci ildə keçmiş Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi bölümünü bitirmişəm. Zavodun Etilen istehsalatının Piroliz sahəsində 9-cu dərəcəli mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Etilen istehsalatının rəis müavini Nəriman Əliyevdir.
Yadigar Bəşirov: - 2016-cı ildə qardaş Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi ixtisasını bitirmişəm. Müəssisənin Qazayırma sahəsində mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Qazayırma sahəsinin xidmət sahə rəisi (aşağı və yuxarı temperaturlu şöbələr üzrə) Raqif Rəhimovdur.
İlham Abdullayev: - 2014-cü ildə ADNSU-nun Kimya-texnologiya fakültəsini kimya mühəndisliyi ixtisası üzrə bitirmişəm. hazırda həmin universitetdə neft emalı üzrə magistr təhsili alıram. Etilen istehsalatının Qazayırma sahəsində mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Qazayırma sahəsinin xidmət sahə rəisi Raqif Rəhimovdur.
Elvin Tahirli: - 2016-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini kimya ixtisası üzrə bitirmişəm. 2012-2015-ci illər ərzində parallel olaraq “Burs-2012” proqpamı əsasında bp şirkətində bu şirkətin hesabına indilis dilində neft-qaz sahəsi üzrə təhsil almışam. Hazırda Etilen-polietilen zavodunun İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasında kimyaçı kimi təcrübə keçirəm. Təcrübə rəhbərim İKNL-nin rəis müavini Filman Qəhrəmanovdur.
Günel Abdullayeva: - 2015-ci ildə Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsini bakalavr pilləsi üzrə bitirmişəm. Magistr təhsilimi 2015-2016-cı illərdə Şotlandiyanın (Böyük Britaniya) Aberdin Universitetinin Neft-qaz mühəndisliyi fakültəsində almışam. Hazırda Etilen-polietilen zavodunun İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasında kimyaçı kimi təcrübə keçirəm. Təcrübə rəhbərim İKNL-nin rəis müavini Filman Qəhrəmanovdur.
Bir məsələni də qeyd edim ki, tələbəlik illərində hər birində iki ay olmaqla mən iki dəfə - 2013-cü və 2015-ci illərdə “Azərikimya” İstehsalat Birliyində istehsalat təcrübəsində olmuşam. Hər ikisində də bir ay birliyin Etilen-polietilen zavodunda, bir ay isə “Azərikimya”nın dəstəyi ilə Türkiyənin İzmir şəhərində yerləşən “Petkim Petrokimya Holding” şirkətində. Fürsətdən istifadə edib biz gənc kadrlara yaradılan bu şəraitə görə SOCAR-ın və “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
Nübar Abdullayeva: - 2013-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm. Magistr təhsilimi isə 2014-2016-cı illər ərzində Sumyayıt Dövlət Universitetinin Kimya-biologiya fakültəsində yüksək molekullu birləşmələr kimyası üzrə almışam. Hazırda Etilen-polietilen zavodunun İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasında kimyaçı kimi təcrübə keçirəm. Təcrübə rəhbərim İKNL-nin böyük kimyaçısı Məlahət Abdulovadır.
Ülviyyə Məmmədova: - Biz Nübarla bir yerdə təhsil almışıq. Mən də 2013-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm. Magistr təhsilimi də 2014-2016-cı illər ərzində Sumyayıt Dövlət Universitetinin Kimya-biologiya fakültəsində yüksək molekullu birləşmələr kimyası üzrə almışam. Hazırda İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasında kimyaçı kimi təcrübə keçirəm. Təcrübə rəhbərim İKNL-nin böyük kimyaçısı Məlahət Abdulovadır.
Gənc kadrlarla və təcrübə rəhbərləri ilə söhbətdən məlum oldu ki, iki nəfər təcrübəçiyə bir rəhbər təyin olunub. Təcrübə rəhbərləri ilə söhbətdən gəlinən ümumi nəticə belə idi:
- İstər Piroliz, istər Qazayırma, istərsə də İstehsalata və keyfiyyətə nəzarət laboratoriyasında olan təcrübəçilərin səkkizi də bu sahəyə maraqlı və talelərini kimya sənayesi ilə bağlamaq istəyən gənclərdir. Çalışqan, məsuliyyətli, özlərinə qarşı tələbkar, davranışları, nizam-intizamlı olmaları ilə seçilən bu gənclərin sabahına böyük ümidlər bəsləmək olar. Hər bir təcrübəçi üçün aylıq, eyni zamanda həftəlik və gündəlik plan tutulub, təcrübə tapşırıqları da bu plana uyğun icra olunur.
Təcrübə rəhbəri - Etilen istehsalatının Qazayırma sahəsinin xidmət sahə rəisi Raqif Rəhimov isə deyilənlərə əlavə edərək vurğuladı:
- Bu müəssisədə 38 illik əmək stajım var, SOCAR-ın struktruna daxil ediləndən sonra, demək olar ki, hər il müxtəlif ali təhsil ocaqlarından bura istehsalat təcrübəsinə gələn gənclər olur. Qətiyyətlə deyə bilərəm ki, bu il istehsalat təcrübəsi keçən 31 nəfər gəncin hamısı yaxşıdır. Bu il seçim çox yüksək səviyyədə aparılıb. Bu seçimə görə mən SOCAR-ın İnsan Resursları Departamentinin nümayəndələrinə və “Azərikimya” İB-nin mütəxəssislərinə minnətdarlığımı bildirirəm. Bu gənclərin hər biririn gələcəkdə bizim müəssisənin istehsalatlarında çalışmasını istərdim.
Biz gənclərlə görüş üçün istehsalat sahələrinə gələndə gördük ki, “Azərikimya” İB-nin mütəxəssisi Əliyar Babayev gənc təcrübəçilərlə söhbət-müsahibə aparır. Əliyar müəllimin dediklərindən də bəlli oldu ki, təcrübəçilərin əldə etdikləri bilikləri qənaətbəxş saymaq olar, bu da bizi çox sevindirir.
Gənclər burada özlərini doğma kollektivdə, səmimi insanlar arasında olduğu kimi hiss edirlər, bilmədiklərini rəhbərləri ilə bərabər digər mütəxəssislərdən də soruşa bilirlər. Hamı onlara nəsə öyrətməyə çalışır. “Azərikimya” İB-nin Kadr və kadr hazırlığı şöbəsinin əməkdaşları davamlı olaraq gənclərin yanında olur, onların qayğıları, problemləri, arzu və istəkləri ilə maraqlanırlar.
Mərhələli şəkildə həyata keçirilən yeni layihələr, aparılan rekonstruksiya və modernizasiya işləri, tikilən müasir qurğular, yaradılan yeni istehsalat sahələri ilə bu gün qaynar bir həyat yaşayan “Azərikimya” İstehsalat Birliyindən, iki aylıq ödənişli təcrübə başa çatdıqdan sonra İnsan Resursları Departamentinin keçirəcəyi test imtahanlarında fəallıq göstərərək yüksək bal toplamaq və talelərini “Azərikimya” ilə bağlamaq niyətində olan gənclərdən, onlara praktiki bilik verən təcrübə rəhbərlərindən və onları əhatə edən bu sadə, zəhmətkeş peşə sahiblərindən - kimyaçılardan xoş təəssüratlarla ayrıldıq.
Orxan Vahidoğlu, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb