Küveytin neft naziri Əssam əl-Mərzuk OPEC-in yenidən neft istehsalını azaltmaqla bağlı qərar qəbul edəcəyi halda belə İranın neft hasilatının bu dəfə də eyni səviyyədə qala biləcəyini bildirib.
İranın sanksiyalara məruz qaldığı dövrdə itirdiyi bazar payı nəzərə alınaraq bu ölkə Vyana sazişi çərçivəsində hasilatı azaltmaqdan azad edilib. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, bu ilin birinci rübündə İranın neft hasilatı gündəlik 3,8 milyon barrelə (icazə verilən maksimum hədd 3,797 milyon barreldir) çatıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, ölkəsi nüvə sazişindən sonrakı müddət ərzində dünya bazarlarındakı neft kvotasını bərpa edib. Ölkənin “Mehr” xəbər agentliyinin məlumatına görə, bu barədə nazirin “instagram” hesabındakı paylaşımında qeyd olunub: “İranın neft sənayesinə tətbiq edilmiş sanksiyalar qiymətlərə təsir etmədi. Ancaq Səudiyyə Ərəbistanı gündəlik hasilatı artırmaqla İranın kvotasına sahib çıxdı.” Zərif vurğulayıb ki, lakin İran sanksiyaların aradan qaldırılmasından sonra neft bazarındakı payını bərpa etməyə nail olaraq apardığı uğurlu neft diplomatiyası ilə qiymətlərin enməsini dayandırıb.
Qeyd edək ki, OPEC neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarı mayın 25-də verəcək. Təşkilatın baş katibi Məhəmməd Barkindo bildirib ki, yeni qərar Monitorinq Komitəsinin hesabatlarından asılı olacaq. Lakin OPEC-in neft hasilatına görə ikinci ən böyük ölkəsi olan İraqın hasilatın azaldılması barədə Vyana anlaşmasından istisna hal olaraq ayrıla biləcəyini bəyan etməsi birjaları yeni sürprizlərin gözlədiyini deməyə əsas verir. Belə ki, Vyana anlaşmasına əsasən, üzərinə götürdüyü öhdəliyə mart ayında 76 faiz əməl edən İraqın Milli Alyansının lideri, hakim şiə koalisiyasının rəhbəri Əmmar əl-Hakimin bu bəyanatı “Brent” markalı neftin barrelinin 52 dollar səviyyəsinə enməsinə səbəb olub.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb