25 aprel 2017 00:42
421

Türkiyə Aralıq dənizində axtarışlara başlayıb

Türkiyənin “Milli enerji və mədən strategiyası” proqramı çərvivəsində ən çox önəm verilən sahələrdən olan dənizlərdə neft və təbii qaz axtarışları ötən həftə sonu rəsmən başladılıb. Belə ki, Aralıq dənizində “Hayrettin Barbaros Paşa” seysmik gəmisinin istifadəyə verilməsi ilə Türkiyə rəsmi şəkildə dənizlərdə neft və təbii qaz axtarışlarına start verib.

Ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, 31 dekabr 2012-ci ildə 130 milyon dollara satın alınan və geoloji kəşfiyyat işlərini həyata keçirmə özəlliyinə sahib “Hayrettin Barbaros Paşa” gəmisi nazir Berat Albayrakın vurğuladığı kimi, axtarış və qazma işlərindəki aktiv mərhələnin həyata keçirilməsində ilk addım olub. Aralıq dənizinin şərq hissəsində axtarışlara aprelin 21-də başlayan seysmik gəmi mayın 31-nə kimi sözügedən ərazidə geoloji kəşfiyyat işlərini həyata keçirəcək.

Daha öncə Aralıq dənizində və Qara dənizdə geoloji axtarış işlərini həyata keçirmiş “Hayrettin Barbaros Paşa” gəmisi dənizin 8 km dərinliyində geoloji maddələri araşdırma qabiliyyətinə malikdir. Uzunluğu 84 metr, eni 21,6 metr olan gəminin 1 helikopter sahəsi mövcuddur.

Ayrıca buzlaqlarda işləmə özəlliyinə malik 4711 ton ağırlığındakı “Hayrettin Barbaros Paşa” katalitik krekinq və ikigövdəli su təmizləmə sistemi ilə ekoloji fəsadların qarşısını almaqda dünyanın ən etibarlı gəmilərindən biri hesab edilir.
Xatırladaq ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak aprel ayının əvvəllərində açıqladığı “Milli enerji və mədən strategiyası” proqramı çərçivəsində dənizlərdə və boğazlarda neft və təbii qaz axtarışlarını sürətləndirmək məqsədi ilə “Hayrettin Barbaros Paşa”dan sonra “MTA Oruç Reis” seysmik gəmisinin də fəaliyyətə başlayacağını bildirmişdi.

Həmidağa Məcidov, “İki sahil”