Rusiya OPEC və bu təşkilata üzv olmayan ölkələr arasındakı neft istehsalının azaldılması ilə bağlı razılaşmanın iyun ayından sonrakı müddətdə davam etməyəcəyi təqdirdə hasilatı son 30 ilin ən yüksək həddinə çatdıracaq. Bu barədə məlumat verən Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç qeyd edib ki, rus neft şirkətləri Vyana sazişinin davam etməməsi halında neft hasilatını azaltmayacaqlar.
Rusiyanın energetika naziri Aleksandr Novak ötən ay açıqlamalarının birində 2017-ci ildə hasilatın 548-551 milyon tona yüksələ biləcəyini, bunun da 1987-ci ildən indiyədək ən yüksək səviyyə olan gündəlik 11.01-11.07 milyon barrelə bərabər olacağını bildirmişdi.
Rusiyalı nazir, həmçinin bu günlərdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasının uzadılması qərarını OPEC-in may ayında keçirəcəyi iclasda verəcəyini bildirib. A. Novakın sözlərinə görə, may iclasına qədər OPEC-in qlobal neft ehtiyatlarının həcmi və neft bazarının texniki təhlili ilə bağlı məruzəsini gözləmək lazımdır.
Qeyd edək ki, Vyana razılaşmasına görə, Rusiya gündəlik hasilatı 300 min barrel azaltmaq öhdəliyini götürüb və aprel ayının 21-nə bunu 83 faiz və ya 250 min barel yerinə yetirib. A.Novak bu ayın sonuna qədər öhdəliyə tam əməl ediləcəyini bildirib.
Xatırladaq ki, OPEC, Rusiya və digər üzv olmayan bəzi neft ixrac edən ölkələr 2017-ci ilin ilk yarısına kimi hasilatı gündəlik 1.8 milyon barrel azaltmaqla bağlı razılaşma imzalayıblar. Bu ölkələr arasında gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı öhdəliyi olan Azərbaycan da var.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb