Ötən gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Anbar Təsərrüfatı Bölümündə 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirildi.
Kompleks Qazma İşləri Trestinin müdir müavini Şahin Zülfüqarov 2016-cı ildə əməyin mühafizəsi üzrə görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, Trestin istehsalat sahələrində əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısını almaq məqsədi ilə müəyyən işlər görülüb. 2016-cı ildə Trestin daimi fəaliyyət göstərən komissiyası tərəfindən 112 məqsədli və kompleks yoxlama aparılıb. Hesabat dövründə Trestin istehsalat və təsərrüfat bölümlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 593 mühəndis-texniki işçinin bilikləri yoxlanılıb. Əmək şəraitinin yaxşılaşdırılması məqsədilə işçilər SOCAR-ın işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normalarına uyğun olaraq xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin ediliblər.
Ş.Zülfüqarov qeyd etdi ki, son vaxtlar qazma texnologiyasının təkmilləşdirilməsi və qazma prosesində neft və sintetik əsaslı qazma məhlulundan istifadə olunduğundan işcilərin sağlamlığının qorunması üçün yüksək keyfiyyətli xüsusi geyim və digər qoruyucu vasitələr alınıb və işcilərə paylanılıb. 2016-cı il ərzində Trestin istehsalat bölümlərində çalışan mühəndis-texniki işçilərin və fəhlələrin texniki təhlükəsizlik, əməyin mühafizəsi normaları və qaydalarının öyrənilməsi, maariflənməsi, həmçinin bədbəxt hadisələrdən qorunmaq məqsədilə əməyin mühafizəsi üzrə 412 işçi təlimlərdə iştirak edib və müvafiq sertifikatlar alıblar.
Bildirildi ki, 2016-cı ildə Trestin istehsalat bölümlərində ümumilikdə 9 obyektdə 59 iş yeri pasportlaşdırılıb. 1489 işçiyə “Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərə pulsuz süd və digər keyfiyyətli yeyinti məhsulları verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq 65854 litr pulsuz süd verilib.
Trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədağa Əzizov da ötən müddətdə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, əməyin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər Trest rəhbərliyinin daim diqqət mərkəzindədir.
Anbar Təsərrüfatı Bölümünün rəisi Bəxtiyar Hüseynov isə qeyd etdi ki, 2016-cı il ərzində bölümdə əmək şəraitinin yaxşılaşdırılmasına, texniki təhlükəsizlik qaydalarına nəzarətin artırılmasına, avadanlıqların qəzasız və təhlükəsiz işləməsinə, bütünlüklə texniki təhlükəsizlik işlərinin “Vahid Sistemi”nin tələblərinə uyğun qurulması üçün bir çox işlər görülüb. İnzibati binada təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müxtəlif plakat, slaydlarla təmin edilmiş tədris otağında vaxtaşırı istər yanğın texniki minimum məşğələləri, istərsə də əməyin mühafizəsi üzrə maarifləndirici məşğələlər aparılır.
Diqqətə çatdırıldı ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlandırma” üzrə mühəndislər M.G.Məmmədov, E.İ.Abdullayev, F.Əhmədov, ustalar N.K.Akimov, İ.Z.Şıxlinski “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə təlimatlandırma, ustalar R.M.Əliyev, İ.Y.Əlizadə və 10 nəfər takelajçı 2 günlük “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilkin təlimatlandırma”, İSO-9001 Keyfiyyət idarəetmə sistemi üzrə L.S.Abdullayev, Ş.E.Bəyalıyev, İSO-14001 Ekologiya idarəetmə sistemi üzrə E.İ.Abdullayev kursları bitirərək sertifikat alıblar. Mühəndislər V.R.Abıyev və S.F.Zeynalov “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ilkin təlimatlandırma” kursunda, S.M.Xanaliyev “Yanğın zamanı ilkin yanğınsöndürmə vasitələrinin istifadə və davranış qaydaları” kursunda iştirak ediblər.
Vurğulandı ki, 2016-cı ilin fevral ayında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 86 nəfərin bilikləri yoxlanılıb.
Tədbirdə çıxış edən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməyin mühafizəsi şöbəsinin rəisi İsrafil Quliyev və başqaları bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi olaraq vurğuladılar.
Nail Rəhimzadə, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb