27 aprel 2017 23:28
898

Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

SOCAR-ın Geofizika və Geologiya İdarəsində (GGİ) Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul olunmuş 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirildi.

GGİ-nin rəisi Elçin Şirinov bildirdi ki, Ümumdünya Əməyin Mühafizəsi Günü respublikamızda geniş şəkildə qeyd olunur. Müəssisə və təşkilatlarda, istehsalat sahəhələrində əməyin mühafizəsinə dair bir sıra tədbirlər keçirilir: "Son illər Azərbaycanda bir sıra sosial proqramlar reallaşdırılır, investisiya layihələri icra olunur. Respublikamızda yeni iş yerlərinin yaradılması ilə yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir. Dövlətimiz tərəfindən təhlükəsizlik və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir." E.Şirinov qeyd etdi ki, istehsalat sahələrində əməyin mühafizəsinin vəziyyəti, texniki təhlükəsizlik tələblərinə riayət olunması, işçilərin istehsalat-sanitariya normalarına uyğun sanitar-məişət otaqları ilə, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmasına, istehsalat bölümlərinin ekspedisiya və sahələrinə nəzarət gücləndirilməlidir.

GGİ-nin Əməyin mühafizəsi üzrə rəis müavini İsmayıl Hüseynov 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar görülmüş işlərdən danışdı: "Hər il əməyin mühafizəsi sahəsinə dair müxtəlif devizlərlə keçirilən tədbirlər müasir dövrün tələbləri səviyyəsində təşkil olunur. Bu il isə Ümumdünya Əməyin Mühafizəsi Gününün "Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadə edilməsinin optimallaşdırılması: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi" mövzusunda keçirilməsi təklif olunub. GGİ üzrə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş bir sıra işlərin həyata keçirilməsi üçün Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Geofizika və Geologiya İdarəsinin strukturuna daxil olan istehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələrinin, iş yerlərinin müasir standartların tələblərinə uyğun qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması, işçilərin tibbi müayinədən keçirilməsi sahəsində görülən işlərə xüsusi önəm verilib, əldə olunan məlumatlar təhlil edilib və müvafiq qərarlar qəbul edilib.»

GGİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Əliyev vurğuladı ki, ötən illərlə müqayisədə idarə üzrə əməyin mühafizəsi sahəsində müəyyən irəliləyişlər var.

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin mühəndisi Mirhəşim Həşimli və digər natiqlər bildirdilər ki, mühəndis-texniki işçilərin əməyin mühafizəsi istiqamətində biliklərinin yoxlanılması da vacib məsələlərdəndir.

Sonda 2016-cı ilin yekunlarına əsasən Geofizika və Geologiya İdarəsinin istehsalat bölümlərinin ekspedisiyaları arasında «Əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi» üzrə keçirilən müsabiqənin qaliblərinə təşəkkürnamələr və qiymətli hədiyyələr verildi.

Orxan Vahidoğlu, "İki sahil"