Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu başa çatıb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, forumun yeddinci sessiyası Xəzər regionunun neft emalı və neft-kimya sahələrinin icmalına həsr olunub.
SOCAR-ın Karbamid Zavodunun direktoru Xəyal Cəfərov “Karbamid zavodunun Azərbaycanda vəzifələri və perspektivləri” mövzusunda, “Azərkimya” İstehsalat Birliyinin Modernizasiya və yenidənqurma şöbəsinin rəisinin müavini Fəzail Yusifov “Azərbaycanın neft-kimya sənayesi-perspektivlər və vəzifələr”, SOCAR-ın emal layihələrinin idarə edilməsi şöbəsinin böyük mühəndisi Mətin Rəhimov “Azərbaycanın neft emalı və neft-kimya sahələrinin mövcud vəziyyəti və perspektivləri”, “Caspian Barrel” Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şabanov “Xəzər regionunun neft emalı və neft-kimya sənaye sahələrinin təfsilatlı təhlili”, “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev “Metanolun istehsalı texnologiyası”, Emerson LLC şirkətinin Türkiyə və Cənubi Xəzər üzrə baş menecer Burak Gürkan “Göstəricilər üzrə ilk 25 faizin tərkibində necə olmalı. Plantweb rəqəmsal ekosistem” mövzularda məruzələrlə çıxış ediblər.
Forumun “Səmərəliliyin artırılması üçün ən yeni texnologiyalar” sessiyasında MDB ölkələrində biznesin inkişafının rəhbəri Mixail Babkin “Rekuperasiya qurğusunun müasir texnologiyaları” mövzusunda və “Pentair Valves&Controls” şirkətinin regional meneceri Farux Oznur Çelikkol “Neft emalı və neft-kimya zavodlarında təhlükəsizliyin və səmərəliliyin artırılması üçün müasir klapanlar və kompleks idarəetmə sistemləri” mövzularında məruzələr təqdim ediblər.
Foruma Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri, ümumilikdə 150-dən çox iştirakçı qatılıb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb