SOCAR-ın “Qaz İxrac” İdarəsində (Qİİ) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirildi. İdarənin rəisi Qağaməli Seyfullayev bildirdi ki, 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir. Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü dövlət səviyyəsində qeyd olunur. Əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var” müddəası təşkil edir. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə xüsusən qeyd etmişdir ki, “Azərbaycanın ən böyük sərvəti onun insanlarıdır”.
Əməyin qiymətləndirilməsinə, qorunmasına, təhlükəsiz iş şəraitinin yaradılmasına, işçinin təhlükəsizliyinin təmin olunmasına SOCAR-da xüsusi önəm verildiyi kimi, “Qaz İxrac” İdarəsində də bu sahəyə xüsusi diqqət yetirilir. İdarədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində önəmli işlər görülür.
Ümumdünya Əməyin Mühafizəsi Günü bu il “Optimallaşma, əməyin Mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilir. Bunun istehsalat zədələnmələri və peşə xəstəlikləri, eləcə də belə hadisələrin qarşısının alınması üzrə tədbirlərin görülməsində, profilaktika üzrə milli proqramların təkmilləşdirilməsində mühüm əhəmiyyəti vardır. Bunu nəzərə alaraq, işçiləri maarifləndirmək məqsədilə seminarların, yığıncaqların keçirilməsi və həmin gündə istehsalatın ahəngini pozmamaqla təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin və peşə xəstəliklərinin profilaktikası ilə bağlı əməli tədbirlərin görülməsi və s. işlər “Qaz İxrac” İdarəsinin idarə aparatı və onun struktur bölmələri üzrə aparılmış və bu işlər davamlı olaraq həyata keçirilir.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən hər il bütün dünyada qeyd olunan bu günün əsas məqsədi cəmiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir. Əməyin mühafizəsinin optimallaşması istehsalatda bədbəxt hadisələrin və istehsalat qəzalarının sayının azalmasına kömək edir, həmçinin işçilərin əməyə marağını, əmək məhsuldarlığını və digər iqtisadi göstəriciləri artırır.
Bu baxımdan Qİİ-nin rəhbərliyi sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq üçün bütün lazımi tədbirləri həyata keçirir. Bədbəxt hadisələrin, istehsalat qəzalarının, yanğın təhlükələrinin və peşə xəstəliklərinin qarşısının alınması işləri planlı şəkildə davam etdirilir. Bu kimi işlərin davamlı olaraq həyata keçirilməsi “Qaz İxrac” İdarəsində öz bəhrəsini vermişdir.
Əməyin mühafizəsi üzrə idarə rəisinin müavini Sarxan Babaşov mövzunun mahiyyətini açıqladı və bununla bağlı ətraflı məlumat verdi. O, qeyd etdi ki, istehsalat uğurları ilə yanaşı, insan amilinin önə çəkilməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin təhlükəsizliyi qaydalarının etibarlı qorunmasının daim nəzarətdə saxlanılması sosial prinsiplərdir. Bu məqsədlə “Qaz İxrac” İdarəsində bir qayda olaraq işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanılır və nomenklatur tədbirlərin yerinə yetirilməsinə ciddi nəzarət olunur.
“Qaz İxrac” İdarəsində bir qayda olaraq əməyin mühafizəsi, təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraitinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir, bədbəxt hadisələrin, istehsalat qəzalarının, yanğın təhlükələrinin və peşə xəstəliklərinin qarşısının alınması işləri planlı şəkildə davam etdirilir. İşçilərin fərdi mühafizə və qoruyucu vasitələrlə təminatı günün tələbləri səviyyəsində həyata keçirilir.
İdarənin Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin böyük mühəndisi Rüstəm Rəşidov “Enerji mənbələrinin təcrid edilməsi- elektrik işləri” mövzusunda təqdimatla çıxış etdi. Mövzu ətrafında müzakirələrdə çıxış edən idarə rəisinin müşaviri Aydınbay Amanov ötən müddətdən bəri həyata keçirilən işlərin əhəmiyyətindən danışdı və özünün müsbət fikirlərini bildirdi.
Q.Seyfullayev əməyin mühafizəsi üzrə görülən işləri qənaətbəxş hesab etdi. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışdı, Magistral Qaz Kəmərləri Sahələrinin (MQKS) rəhbər işçilərinə və mütəxəssislərə lazımi tövsiyələrini və tapşırıqlarını verdi.
Həzi Həsənli,
“Qaz İxrac” İdarəsi
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb