28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) tədbir keçirilib.
Heydər Əliyev adına NEZ-in Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması tarixindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən danışıb. Bildirilib ki, 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi təsis olunub. Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində minlərlə insanın həyat və sağlamlıqlarını itirməsi əməyin mühafizəsi işini günün aktual məsələlərindən birinə çevirib. Bu günün dünyada hər il qeyd olunmasında da məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmalarına yönəltməkdir.
Bu gün işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili bütün dünyada aktual problemlərdən biridir. Bu tədbirlərin əsas məqsədi iş yerlərində insanların sağlamlığına və təhlükəsizliyinə təminat verən şəraitin yaradılmasına fəal köməklik göstərməkdir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Əməyin mühafizəsi üzrə ictimai nəzarətin həyata keçirilməsində zavod Həmkarlar İttifaqı Komitəsinin böyük rolu vardır.
Hazırda zavodda sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətində aparılan bütün işlər beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir. Zavod rəhbərliyi əməyin mühafizəsinin təkmilləşdirilməsini, onun elmi əsaslarla idarə olunmasını daim nəzarətdə saxlayır və insan amilini, onun sağlamlıq və təhlükəsiz əmək şəraitində fəaliyyət göstərməsini istehsalat amillərindən üstün tutur.
Zavod direktorunun əməyin mühafizəsi üzrə müavini Zaur Qurbanov 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə toplantı iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu gün işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili bütün dünyada aktual problemlərdən biridir. Bu mənada sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, istehsalatda işçilərin həyatlarının və sağlamlıqlarının qorunması zavodun məsul rəhbər işçilərinin qarşısında duran başlıca vəzifələrdəndir və bu məsələ daim onlardan xüsusi diqqət tələb edir.
Qeyd etdi ki, Zavodun fəaliyyəti ilə bağlı təhlükələri və riskləri daim müəyyən etmək, mümkün bədbəxt hadisələrin və qəzaların qarşısını almaq və onların təsirini azaltmaq üçün müvafiq tədbirlər həyata keçirilir. Görülmüş əməli işlərin nəticəsi olaraq 2016-cı ildə zavodda heç bir bədbəxt hadisə baş verməmişdir.
Şamil Həşimov,
“Neftayıran” qəzetinin redaktoru
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb