Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı nitqində vurğulayıb ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər
Sənaye və sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkında (SKSP) geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir. Kimya Sənaye Parkının rezidentlərinin qeydiyyatı “bir pəncərə” sistemi əsasında həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır.
Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir. Bura sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri yaradılır.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərdən biri, qeyri-neft sektorunun, o cümlədən ölkəmizdə kimya sənayesinin inkişafının bariz nümunəsi və ən iri layihələrindən biri sayılan “SOCAR Polymer” layihəsi son 40 ildə miqyasına görə respublikamızın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihədir. Layihənin əsas məqsədi idxalın azaldılması və ölkənin ixrac potensialının artırılmasıdır.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində Prezident İlham Əliyev bildirib ki, rayonlarda sənaye zonaları yaradılır: “Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır.”
Dövlətimizin başçısı çıxışında sahibkarların diqqətini böyük bir layihəyə cəlb edib: “Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq.”
Qeyd edək ki, “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində Polipropilen və Yüksəksıxlıqlı polietilen zavodları inşa olunur. Bu zavodlar istismara verildikdən sonra ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal ediləcək. Məhsulların 30 faizi yerli bazara, 70 faizi isə xarici bazarlara çıxarılacaq. Layihənin investisiya dəyəri 750 milyon ABŞ dolları təşkil edir. Tikintidə ən qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalar tətbiq olunur. Layihənin icrası qrafikə uyğun həyata keçirilir.
Burada istehsal olunacaq məhsulların əsas hissəsi ixrac olunacaq və ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta gələcək. 100 milyon ABŞ dolları məbləğində istehsal olunmuş məhsul isə yerli bazarda satılacaq ki, bu da idxalın böyük hissəsini qarşılayacaq.
Məlumat üçün bildirək ki, Polipropilen zavodunun 2018-ci ilin fevralında, Yüksəksıxlıqlı Polietilen zavodunun isə həmin ilin avqustunda istismara verilməsi nəzərdə tutulur. Layihənin icrası ölkə iqtisadiyyatına güclü təsir göstərəcək, yeni iş yerləri açılacaq, Sumqayıt nəhəng sənaye mərkəzinə çevrilməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına da yeni təkan verəcək.
Orxan Vahidoğlu, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb