12 may 2017 18:55
281

Azərbaycanın peşə təhsili sistemində həllini gözləyən bir sıra problem və çətinliklər var

Son illər obyektiv səbəblərə görə ölkənin peşə təhsili sistemində həllini gözləyən bir sıra problem və çətinliklər meydana çıxıb. Bura maddi-texniki baza ilə bağlı məsələləri aid etmək olar. Peşə təhsili müəssisələrində qaçqın və məcburi köçkün vətəndaşların yerləşdirilməsi təbii olaraq həm təhsil prosesinə çətinliklər yaradır, həm də müəssisələrin özlərinin maddi-texniki bazasına mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışında bildirib.

M.Cabbarov diqqətə çatdırıb ki, peşə təhsili sahəsində idarəetmədə olan boşluqlardan irəli gələn məsələlər, bu sistemə qəbul, hazırlıq prosesi zamanı, yekun qiymətləndirmə prosesində bir çox xoşagəlməz hallar qeydə alınıb. Nəticə etibarı ilə peşə təhsili müəssisəsinin diplomunu əldə etmiş məzun bir çox hallarda əmək bazarında tələb edilən kompetensiyalara malik olmayıb. Belə olan halda peşə təhsilinin nüfuzu istər-istəməz aşağı düşür. İstər işə götürənlər, istərsə də cəmiyyət tərəfindən ona olan inam azalır. Bu və ya digər sahədə olan problemlərin həlli məqsədilə dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan yeni ixtisaslaşmış qurumun - Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılıb və buna paralel olaraq peşə təhsili sistemində islahatlara başlanılıb.