22 may 2017 14:45
613

Azərbaycan artıq özünü idman ölkəsi kimi təsdiq edib

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır

- Maraqla izlənilən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda “İslam Həmrəyliyi İli”nə təsadüf etməsi bu Oyunların əhəmiyyətinə bir daha işıq salır. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Heç şübhəsiz ki, may ayının 12-dən ölkəmizin idman, ictimai, siyasi, mədəni, humanitar həyatında çox mühüm bir hadisə baş verir. IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bəli, 2017-ci il Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilib. Bu iki hadisənin bir-biri ilə sıx bağlılığı var və məntiqi şəkildə əlaqəlidirlər. Nədir bağlılıq? İlk növbədə biz İslam dünyasına nəzər yetirsək acınacaqlı bir mənzərənin şahidi olarıq. Bu gün İslam ölkələri pərakəndə, dağıdılmış haldadırlar. İslam bayrağı altında müsəlmanlar ayrı-ayrı qruplar şəklində bir-birlərini qırmaqla məşğuldurlar. Yaxın və Orta Şərqdə gedən proseslər bunu açıq şəkildə göstərir. Belə bir şəraitdə İslam ölkələrinin, müsəlman xalqlarının bir-biri ilə həmrəy olmasının, əməkdaşlıq etməsinin vacibliyi göz önündədir. Ona görə də 2017-ci ilin “İslam Həmrəyliyi İli”nin elan edilməsi tamamilə məntiqlidir.

IV İslam Həmrəyliyi Oyunlarının bu il ölkəmizdə keçirilməsi böyük idman hadisəsidir. Ancaq təbii ki, bu, təkcə idman hadisəsi deyil. Yuxarıda da qeyd etdiyim kimi, bu həm də mədəniyyət, humanitar hadisədir. Özü ilə iqtisadi gəlirlər, siyasi üstünlüklər, dividentlər gətirən və mənəvi-psixoloji üstünlüklər yaradan hadisədir.    

- Ölkəmizin ev sahibliyi etdiyi forum və dialoqlar Qərblə Şərq arasında önəmli körpü roluna nə kimi təsir göstərir?

-Bilirsiniz ki, Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbi birləşdirən qızıl körpüdür. Ölkəmiz təkcə coğrafi baxımdan körpü rolunu oynamır. Azərbaycan həm də sivilizasiyaların dialoqunda, mədəniyyətlərarası dialoqda, humanitar forumlarda Şərqlə Qərb arasında körpü rolunu oynayır.

Cənab İlham Əliyev dünyada baş verən proseslərə alternativ olaraq özünün bir çox baxışlarını ortaya qoydu. Gec-tez onlar üstünlük təşkil edəcəklər. Soyuq müharibə başa çatdıqdan sonra  Varşava Müqaviləsi Təşkilatı (VMT) dağıldı. Ondan sonra belə hesab etdilər ki, artıq iki sistemin mübarizəsi, blokların qarşıdurması yoxdur. Düşünürdülər ki, sivilizasiyalar, dinlər bir-biri ilə toqquşacaqlar. Və bunun da tərəfdarları var. Dünya dinlərin, mədəniyyətlərin savaş meydanı ola bilməz. İnkişaf, tərəqqi millətlərin bir-biri ilə əməkdaşlığındadır. Bu baxımdan da Azərbaycan mərkəzə çevrilib. Ölkəmizin geosiyasi mövqeyi təkcə Azərbaycan üçün əhəmiyyətli deyil. Bu, həm Şərq, həm də Qərb üçün əhəmiyyətlidir. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də həmin prosesin davamıdır. İslam ölkələrinə, müsəlman xalqlarına birliyin zəruriliyini göstərir.  

- 54 ölkəni təmsil edən 3 mindən çox idmançı... Sizcə, bu rəqəm Azərbaycanın dünya miqyasında fəal təbliğatı demək deyilmi?

-Bu Oyunları tək 54 ölkə və 3 mindən çox idmançı ilə məhdudlaşdırmamalıyıq. Biz buna sadəcə söylədiyimiz rəqəmlər çərçivəsindən baxsaq məhdud olar. Nə üçün? Birincisi, müsəlmanlar təkcə həmin 54 ölkədə yaşamırlar. Müsəlmanlar ABŞ-da da, bu Oyunlarda iştirak etməyən Avropa ölkələrində də yaşayırlar və IV İslam Həmrəyliyi Oyunlarını böyük maraqla izləyirlər. Müsəlman ölkələrindən mühacirət edib Avropada yaşayanlar üçün  maraqlıdır ki, görsün onun ölkəsinin idmançısı necə çıxış edir. Sözügedən idman tədbirini işıqlandırmaq üçün televiziya jurnalistləri, digər KİV nümayəndələri ölkəmizdədirlər. Bundan əlavə, şəhərimizə çoxsaylı turist axını var. Deməli, bunun coğrafiyası əslində bütün dünyanı əhatə edir. Bu gün bütün dünyanın gözü Azərbaycandadır.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda SSRİ dağılandan sonra belə tədbirlərin keçirilməsi heç mümkün deyildi. İmkanlar yox idi. Amma inkişafımızın nəticəsi olaraq çoxsaylı idman obyektləri tikildi və bu tamamilə fərqli bir mənzərə yaratdı. Azərbaycan artıq özünü idman ölkəsi kimi təsdiq edib.

- IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, həmrəyliyə çağırış dünyada cərəyan edən islamofobiyanın, dini radikalizmin aradan qaldırılmasına nə kimi təsir göstərəcək?

-Çox təəssüf ki, bu gün demokratiyadan, insan haqlarından danışan ölkələrdə, xüsusən Avropa ölkələrində irqi ayrı-seçkilik və İslam düşmənçiliyi baş alıb gedir. Bunu müəyyən dairələr konkret siyasi məqsədlər üçün edirlər. Bunun digər tərəfləri də var. Bu gün Yaxın və Orta Şərq ölkələrində baş verən hadisələr cəhalətlə, təhsilsizliklə bağlıdır. Elə ölkələr var ki, orada qızları təhsil almağa qoymurlar. Təhsilsizlik, cəhalət özü ilə fanatizm gətirir. Fanatizm daha sonra radikalizm gətirir və bunun da ağır nəticələri göz önündədir. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi dünyaya göstərir ki, müsəlman dünyasının əsl üzü, əsl siması nədir. Çox yanlış olaraq bir çox Qərb ölkələrində harada müsəlman varsa, orada terrorçu görürlər. Bütün bunları müəyyən dairələr işləyib hazırlayır və dövriyyəyə buraxırlar. Əslində, Şərq dünyası dünya sivilizasiyasına böyük töhfələr verib. Bunu Qərb ölkələrinin böyük alimləri də təsdiq ediblər ki, Qərbdə mədəniyyətin nə olduğunu bilmədikləri zamanlarda Şərq xalqları böyük mədəniyyət inciləri yaratmışdılar.

Düşünürəm ki, Azərbaycan bir model ortaya qoyur. Bu model nədir? Azərbaycan müsəlman dünyasının inkişafına dair modeli göstərir. Göstərir ki, bax müsəlman ölkəsi necə ola bilər. Biz dünyəvi dövlətik, amma müsəlman ölkəsiyik. Azərbaycan göstərir ki, dünyəviliklə, demokratiya ilə İslam ənənələrini, müsəlman xalqının yaşadığı ölkədəki adətləri necə uzlaşdırmaq olar. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın güclü təqdimatıdır.

Günel Eyyubova, 
Nurlan Məlikzadə (foto) “İki sahil”