25 may 2017 17:40
310

YAP-ın gəncləri Respublika gününü Eko-Parkda qeyd etdilər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və partiyanın Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 may – Respublika Günü münasibətilə bir qrup gənc Eko-Parka səfər ediblər.

Ekoloji Parkda təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra gənclərə “EkoPark” Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi ekoloji layihələr, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Gəzinti zamanı gənclər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar.

Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları gənclərdə böyük marağa səbəb olub.

Qeyd edilib ki, kompleks özlüyündə üç əsas hissədən: toxum şöbəsi, böyütmə şöbəsi və yetişdirilməsi xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılmış oranjereya şöbəsindən ibarətdir. İstixanada ildə bir milyon ədəd şitil yetişdirmək mümkündür. Aqrotexniki qaydalara uyğun olaraq, toxumlar əkilməmişdən xüsusi şəraitdə stratifikasiya olunur, bu da onların cücərmə fazasını tezləşdirir, rüşeymini yarana biləcək xəstəliklərdən qoruyur və bitiş faizini artırır. Toxumlar müxtəlif ölçülü, xüsusi şəbəkələrdə, mikroelementlərlə zənginləşdirilmiş və torfla qarışdırılmış qruntda yetişdirilir. Bu, inkişafın ilkin mərhələsinin daha sağlam və dayanıqlı keçməsinə zəmin yaradır. Toxum əkininin tam aqrotexniki tələblərə uyğun aparılması nəticəsində yüksək bitiş faizi əldə olunub ki, bu da yüksək səmərəlik üçün əminlik yaradır. Bitki növlərinin yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda yetişdirilməsi yaşıllıq zolaqları salınan sahələrdə əkindən sonrakı adaptasiya prosesinin normal keçməsi və təbii itkilərin minimuma endirilməsinə şərait yaradır.

Ekskursiyanın sonunda xatirə şəkilləri çəkdirilib.