KÖŞƏ

Zahid Rza

Su səhəngi suda sınar

07 iyun 2017 14:20
3824

Uzun müddət erməni lobbisinin, antiazərbaycan dairələrin himayəsi ilə qonşu Gürcüstanda yuva salmış, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi maddələri ilə ittiham olunan Əfqan Muxtarlının erməni lobbisi tərəfindən qaraqışqırıqlı müdafiə cəhdi fiaskoya uğradı.

Çox da uzaq olmayan tarixə kiçik bir ekskurs etsək, Ə.Muxtarlının erməni lobbisi ilə xəyanətkar işbirliyinin ən kiçik detalları ilə bu üzdəniraq “jurnalist”lə bağlı hazırda baş verənlərə bir daha aydınlıq gətirə bilərik. Bunun üçün 2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda baş verən hadisələri xatırlatmaq lap yerinə düşər. Hələ o zaman  Çexiyada fəaliyyət göstərən, işğalçı Ermənistanla, onun cinayətkar rəhbərliyi ilə qaranlıq əlaqələri üzə çıxarılaraq ifşa olunmuş “People in Need”  təşkilatının Forumda törətdiyi təxribat çox haqlı olaraq Gürcüstan və  Azərbaycanda kəskin etirazlara səbəb oldu.

Forumun rəhbərliyində təmsil olunan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi Vüqar Bayramlı bildirdi ki, bu mənfur çex təşkilatı dəfələrlə Dağlıq Qarabağ ermənilərinin platformada “müstəqil dövlət”in nümayəndələri kimi qəbul olunması üçün israr edib. Batum Forumunda ermənilərlə səs verib antiazərbaycan şüarlara səsləndirənlər arasında həmin bu Ə.Muxtarlı xüsusilə cənfəşanlıq göstərirmiş. “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlının apardığı araşdırmalar nəticəsində  erməni lobbisinin muzdlusu olan Ə.Muxtarlının bu antimilli oyunlarının  önündəki “sirr pərdələri” ortadan qaldırılmışdı.

Araşdırmalardan bəlli olmuşdu ki, Ə.Muxtarlı “Civil-forum.az” domenində fəaliyyət göstərən kökü-köməci bəlli olmayan bir internet portalının əməkdaşı “libasında”, “sərbəst jurnalist” erməni Armen Karapetyanla birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı antiazərbaycan xəbərləri tirajlamaqla məşğul olub.  Azərbaycanın əbədi və əzəli, ayrılmaz parçası olan, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağdan bəhs edərkən cinayətkar separatçıları “Qarabağ rəsmiləri” adlandıran Ə.Muxtarlının nə qədər simasız bir məğluq, onun “şəriki” A.Karapetyanın isə Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşı olmasına zərrə qədər şübhə yeri qalmır. Biz digər jurnalist həmkarlarımızla birlikdə hələ 2014-cü ildə Batum Forumu ilə bağlı əsassız hay-küy salaraq ermənilərin mövqeyindən çıxış edən Ə.Kərimli, C.Həsənli, G.Hacıbəylil, X.İsmayılov kimilərinə sual ünvanlayaraq soruşurduq ki, yaxşı Azərbaycan dilini doğru-dürüst bilməyən bu Ə.Muxtarlı ingilis, rus, erməni dillərini bilmədiyi halda A.Karapetyanla necə ünsiyyət qura bilir? Deməli, A.Karapetyan imzası ilə yazılanlar elə Ə.Muxtarlının və onun antimilli havadarlarının qələmindən çıxıb.

Erməni lobbisinin sifarişlərini şövqlə yerinə yetirən Ə.Muxtarlı karapetyanlarla yanaşı, erməni lobbisinin çirkli maliyyəsi ilə fəaliyyət göstərib Azərbaycan əleyhdarı kimi tanınan qərəzli “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlarla yaxından əməkdaşlıq edib. Ölkəmizdə olduğu kimi, Gürcüstan ictimaiyyətində də yaxşı anlayırlar ki, qonşu ölkədə oturub düşmən pulları ilə öz Vətəninə qarşı xəyanətkar əməllər törədən Ə.Muxtarlı kimi satqın, mənəviyyatsız, simasız, əqidəsiz ünsürlər ədalət məhkəməsi qarşısında cavab verərək öz layiqli cəzalarını almalıdırlar.