15 iyun 2017 00:16
334

NATO və ATƏT-dən Dağlıq Qarabağa dair sülh çağırışları

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri davam edir. Amma həmsədrlər bu dəfə də regiona əliboş gəliblər və münaqişənin həlli ilə bağlı ortada heç bir yeni təklif yoxdur.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə bəyan edib. Nazir həmsədrlərin regiona səfərini şərh edərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd əvvəlki sənəddir. Onun sözlərinə görə, bu o sənəddir ki,  Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində Sankt-Peterburqda birgə görüş zamanı onun üzərində iş aparılıb: “Hazırda bu sənəd danışıqlar masasında əsas sənəd olaraq qalır”.

Elmar Məmmədyarov  xatırladıb ki, aprelin 29-da Moskvada ermənistanlı və rusiyalı həmkarları ilə görüşündə danışıqlar prosesinin irəliləməsi məsələsini müzakirə edib. Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ üzrə substantiv danışıqların başlanmasını istəyir: “Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Status-kvo dəyişməlidir. Mövcud status-kvo uzun müddət davam edə bilməz və onun saxlanılmasının hansı fəsadlara yola aça biləcəyi hamıya məlumdur”.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan isə dünən estoniyalı həmkarı Sven Mikserlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında cəbhə xəttində gərginliyin artmasından qorxduqlarını dilə gətirib. Üstəlik erməni nazir həmsdrlərin regiona bu səfərinin də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təsirsiz olacağını söyləyib.  Bu isə o deməkdir ki, işğalçı Ermənistan 25 ildir əsarətdə saxladığı Azərbaycan torpaqlarını tezliklə azad etmək niyyətində deyil. Hərçənd rəsmi İrəvan Azərbaycan Ordusu qarşısında gücsüz olduğunun da fərqindədir və bundan əndişələndiyini, müharibənin yenidən başlaya biləcəyindən qorxduqlarını da gizlətmir.

Bu arada NATO rəsmiləri də işğal altındakı Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin gərginləşməsindən, müharibə təhlükəsinin artmasından narahatlığını dilə gətirir. Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, Alyansa üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır. Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki bu vəziyyət həm də siyasi gərginliyə səbəb olur: “NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

NATO təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyib: “Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunları arasında toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupunun həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”.

Ermənistan isə NATO, ATƏT və digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayaraq özünün işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarmağa tələsmir. Əksinə, işğalçı rejim vəziyyəti gərginləşdirmək, sülh danışıqlarına zərbə vurmaq məqsədilə Dağlıq Qarabağ bölgəsində təxribatçı hərəkətlərini davam etdirir.

Yeri gəlmişkən, Ermənistan sentyabr ayında Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq gənclər konfransı keçirməyə hazırlaşır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyinin sentyabrın 14-də təşkil edəcəyi üçgünlük konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin bu təxribatına da reaksiya verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, adətən, bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxs təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir: “Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq. Gənclər və idman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları da Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq”.

Elxan Salahov, “İki sahil”