03 iyul 2017 16:51
339

Naxçıvan Dövlət Universitetinin tələbələri Ağbulaq İstirahət Mərkəzində olublar

Muxtar respublikanın füsunkar təbiəti ilə seçilən Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi” davam edir.

AZƏRTAC xəbər verir ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası İcra Katibliyinin iştirakı ilə reallaşdırılır.

Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri olub. İstirahət mərkəzi ilə tanışlıqdan sonra onlar hər cür şəraitə malik otaqlarda yerləşdiriliblər. Üç gün müddətində təşkil olunan növbəti “Yay məktəbi”ndə NDU-da təhsil alan 60 tələbə iştirak edib.

Məktəbin ilk günü “Gəzinti və ekskursiyaların insan psixologiyasına təsiri” mövzusunda seminar və “Nuh yurdu” intellektual oyunu keçirilib. Günün sonunda isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.

“Yay məktəbi”nin ikinci günü səhər gimnastikası ilə başlayıb. Daha sonra tələbələr “Gənclərdə fərdi inkişaf və özünüifadəetmə üsullarının təbliği” mövzusunda seminarda iştirak edib, müxtəlif idman oyunlarına qatılıb, Ağbulaq kəndini gəzib, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi tərəfindən təqdim olunan konsert proqramına baxıblar.

Məktəbin üçüncü günü isə gənclər Şahbuz Dövlət Təbiət Qoruğuna baş çəkiblər. Gəzinti zamanı çəkilən fotoların müsabiqəsi təşkil edilib. Müsabiqədə, həmçinin “Nuh yurdu” intellektual oyununda və “Yay məktəbi”ndə fərqlənənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşüblər.