KÖŞƏ

Vəli İlyasov

Ermənilərin Azərbaycan ərazilərindəki ekoloji diversiyaları

07 iyul 2017 16:21
942

Təcavüzkar Ermənistan torpaqlarımızın iyirmi faizini işğal etməklə, bir milyondan çox soydaşımızı doğma yurd-yuvasından didərgin salmaqla kifayətlənməyərək işğal etdiyi Azərbaycan ərazilərində ekoloji diversiyalarla da məşğuldur. Verilən məlumatlara görə, ermənilər şəhər və kəndlərimizi talayıb aparandan sonra bir çoxunu od vurub yandırıblar. Meşələrimizlə də bu cür rəftar edirlər. Ən qiymətli ağacları kəsib daşıyır, sonra meşələri məhv edirlər.

Mətbuata sızan məlumatlarda bildirilir ki, qəzalı vəziyyətə düşmüş Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının bir hissəsi Arpaçaya axıdılır, bir hissəsi isə daşınaraq Dağlıq Qarabağ ərazisinə gətirilir və orada torpağa basdırılır. Coğrafiyadan bilirik ki, Arpaçay Araz çayına tökülür və radioaktiv maddələr Azərbaycan ərazisi ilə axaraq Sabirabad rayonunda Kür çayı ilə birləşir. Biz həmin çayların suyundan həm içməli, həm təsərrüfat suyu kimi istifadə etsək qətiyyən düzgün olmaz. Təbii ki, indi olmasa da gələcəkdə öz fəsadlarını göstərər. Təkcə bu deyil, onlar digər məişət tullantılarını da həmin çaylara  axıdırlar.

Mənbəyi Kəlbəcər rayonunun dağlarından başlayan Tərtər çayının uzunluğu 180 kilometrə yaxındır. İşğaldan sonra çayın 100 kilometrlik məsafəsi erməni silahlı birləşmələrinin nəzarətində qalıb. Bu çay gur suludur və tez-tez aşıb-daşan çaydır. Erməni faşistləri bundan istifadə edərək heyvan leşlərini, məişət tullantılarını, zəhərli maddələri, bir sözlə, əllərinə nə keçsə  bu çayla axıdırlar. Çay Tərtər, Bərdə və Yevlax rayonları ərazisindən keçərək Kürə tökülür. Tərtərdən çəkilən kanalla Naftalan şəhərinə və Goranboy rayonuna su axır. Su qıtlığı çəkən bu rayonların əhalisi isə yanan təsərrüfatlarını həmin su ilə suvarmağa məcburdurlar. Bununla bərabər,  erməni hərbçiləri çayla partlayıcı sursatlar, mina, mərmi və qumbaralar da axıdırlar. Tərtər sakinləri hətta bir neçə dəfə çaydan naməlum insan meyitləri çıxarıblar. Bütün bunlar adamı heyrətə gətirir və ermənilərin insanlıq simalarını tamamilə  itirdiklərini sübut edir. 2011-ci ilin iyulunda Tovuz rayonunun Əlibəyli kəndində on üç yaşlı Aygün Şahmalıyeva çaydan tutduğu oyuncağın içərisinə qoyulmuş partlayıcının işə düşməsi ilə həlak olub.

Hər gün verilən cəbhə xəbərlərində xüsusilə yay aylarında təmas xəttinin o tayında böyük yaşıl ərazilərmizin yandırıldığı barədə telesüjetlər göstərilir və ya məlumatlar verilir.

Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində at oynadan erməni silahlı birləşmələri vaxtaşırı hərbi təlimlər keçirməklə ekologiyamıza ciddi zərbələr vururlar. Ağır tonlu zirehli texnika torpağı tırtılları ilə eşərək yararsız hala salır, sınaqdan keçirilən bombaların və mərmilərin partladılması nəticəsində yaşıllıqlarımız məhv edilib sıradan çıxarılır. Minalanmış sahələrdə baş verən güclü partlayışlar da torpaqlarımızı uzun müddətə yararsız vəziyyətə salır.

Onlar sanki yaşıllıqlara qənim kəsiliblər, qəsdən bütün yaşıllıqları yandırıb xarabazara çevirirlər. Bayquş xarabalıq sevən kimi bunlar da xarabalıq sevirlər. İş o yerə çatıb ki, hətta vəhşi heyvanlar, sürünənlər və quşlar kütləvi surətdə qaçıb bizim tərəfə gəlirlər. Bütün bunlar artıq təbiətimizdə  ekoloji kataklizmlər yaradır. Aydın məsələdir ki, erməni canilərinin məqsədi həm də təbiətin minillik düzənini cinayətkarcasına pozmaqdır.

Ermənistan tərəfinin dəfələrlə istər Naxçıvan, istərsə də Dağlıq Qarabağ istiqamətində çaylara müxtəlif tullantılar, zəhərli və kimyəvi maddələr atması barədə informasiyalar yayılıb. Təəssüf ki, beynəlxalq təşkilatlar belə mühüm problemə, ermənilərin  törətdikləri belə ağır cinayətlərə göz yumur, heç bir reaksiya vermirlər. Azərbaycan dəfələrlə ermənilərin cinayətkar əməlləri barədə beynəlxalq təşkilatlara müraciət etsə də, hələlik müsbət nəticə yoxdur. Ancaq bəzi yaxın ölkələr Metsamor Atom Elektrik Stansiyasının təhlükəsindən təşviş keçirdiklərini bildirir, qəzalı vəziyyətə düşmüş dəhşətli təhlükə mənbəyinin tezliklə bağlanmasını tələb edirlər. Lakin qaniçən ermənilər  beynəlxalq təşkilatların tələblərini saya almır,  bunların hamısını qulaqardına vururlar. Belə görünür ki, cinayətkar Ermənistanı ipə-sapa yatıracaq bir qüvvə var ki, o da güclü Azərbaycan Ordusudur və bizim ordumuz  Ermənistanın “dərs”ini verəcəkdir.