KÖŞƏ

Vəli İlyasov

Balayanın bəyanatı və ya ifşa olunmuş erməni ssenarisi

11 iyul 2017 16:22
867

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Tiqran Balayan twitter səhifəsində yazıb ki, qoşunların təmas xəttində eskalasiyaya yol verilməməsi, canlı itkilərin qarşısının alınması üçün tərəflər atəşkəsə ciddi əməl etməlidirlər. O, daha sonra mətləb üstə gələrək yazır ki, münaqişə keçən il Vyana və Sankt-Peterburq şəhərlərində əldə olunmuş razılaşmalara uyğun olaraq həll edilə bilər.

Ermənistan rəsmilərinin belə bəyanatlarını çox eşitmişik. Həmişə onların işi çətinə düşən kimi sülhdən, münaqişənin danışıqlar yolu ilə həllindən danışırlar. Ancaq hadisələr azca soyuyan kimi danışıqlar prosesini pozur, onu sıfır vəziyyətinə gətirirlər. İndi də bu Tiqran Balayan ifşa edilmiş köhnə ssenarisi ilə diqqəti yayındırmağa can atır. Ermənistanın Balayanın şəxsində belə bir fikri ortaya atmaqda  məqsədi nədir?

2016-cı ilin dörd günlük aprel müharibəsində  ciddi məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi əl-ayağa düşərək münaqişənin dinc yolla həllinə razı olduğunu bildirdi. Həmin il  mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin də iştirak etdikləri görüşdə əvvəl 5, sonra 2 rayonun boşaldılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması və daha sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı razılaşmalarla əlaqədar məlumatlar yayıldı. 2016-cı il iyunun 20-də isə Rusiyanın Sankt-Peterburq şəhərində  münaqişənin real həllinə dair konkret addımların atılması nəzərdə tutuldu. Ancaq dar məqamdan canını xilas edən Ermənistan rəhbərlərinin günahı üzündən danışıqlar sonrakı mərhələdə yenidən dalana dirəndi.                         

Erməni hiyləsi öz yerində, bu, başa düşülür, onlar status-kvonu saxlamağa çalışırlar. Ancaq qeyd etmək lazımdır ki, ermənilərin budəfəki təxribatları beynəlxalq ictimaiyyət tərəfindən kəskin etirazlarla qarşılandı. Füzuli rayonunun Alxanlı kəndində törədilən vəhşilikdən bir həftə keçməsinə baxmayaraq dünyanın hər yerindən  2 yaşlı Zəhranın və nənəsinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi ilə öldürülməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması pislənir və Azərbaycan torpaqlarının işğaldan azad olunması tələb edilir.   Dünyanın ən nüfuzlu informasiya mənbələrində erməni vandalizmini pisləyən və qətiyyətlə rədd edən məqalələr dərc olunur.  Müxtəlif zümrədən olan insanlar törədilən qətliamı erməni vandalizmi, qatı beynəlxalq hərbi cinayət kimi qiymətləndirirlər. Tələb olunur ki, belə hadisələrin bir daha təkrarlanmaması üçün Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmalıdır. Qeyd etməliyik ki, beynəlxalq ictimaiyyətin nümayəndələri təkcə mətbuatda deyil, dünyanın iri şəhərlərində yaşayan azərbaycanlılarla bərabər küçələrə çıxır, etiraz aksiyaları keçirir, Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasını qətiyyətlə tələb edirlər.

Erməni rəsmisi Tiqran Balayanın fikirlərindən belə nəticə çıxarmaq olur ki,  Ermənistan Azərbaycan Ordusunun hücumundan həm qorxur, həm də status-kvonu mümkün qədər uzatmaq niyyətindən əl çəkə bilmir.   İndi Ermənistan çaşqın vəziyyətdədir, müstəqil siyasət yürüdə bilmədiyindən  qərar qəbul etmək iqtidarında deyil. Hələ ki gözləyir, xarici ağaları hansı təlimatı verəcəklərsə, o da ona uyğun addım atacaq.