İyulun 20-də “Azərikimya” İstehsalat Birliyində milli mətbuatımızın 142-ci ildönümü münasibətilə jurnalistlərlə görüş keçirildi.
“Azərikimya” İstehsalat Birliyinin Müşahdə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara yaradıcılıqlarında uğurlar arzuladı: “Azərbaycan milli mətbuatının yaranmasından artıq 142 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzüağ çıxıb. İstər çar Rusiyası, istər SSRİ, istərsə də hazırkı müstəqillik dönəmində mətbuatımız daim xalqımızın mədəniyyətinin, tarixinin keşiyində duraraq çoxəsrlik milli ənənələrin qorunub saxlanılmasına böyük töhfələr verib.” “Azərikimya”nın Müşahidə Şurasının sədri milli mənəvi dəyərlərin qorunmasında, iqtisadiyyatın, ayrı-ayrı sənaye sahələrinin inkişafında, uğurların təbliğində mətbuatın rolunu yüksək dəyərləndirdi.
M.Babayev bildirdi ki, şərəfli tarixi olan Azərbaycan milli mətbuatı şanlı ənənələri layiqincə davam etdirir, ölkəmiz haqqında həqiqətlərin dünyaya yayılmasında böyük xidmətlər göstərir. Azərbaycan neftçilərinin, neft-kimyaçılarının və bu sahələrdə çalışan alimlərin fədakar əməyi öz əksini ilk növbədə məhz mətbuat səhifələrində tapır, xoş müjdələr məhz KİV vasitəsilə dünyaya yayılır. Buna görə də obyektiv, qərəzsiz, operativ fəaliyyətləri ilə seçilən, çətin və şərəfli peşə sahibi olan jurnalistlər hər cür tərifə və təqdirəlayiqdirlər.
Jurnalistlərlə görüşdə M.Babayev ötən dövr ərzində “Azərikimya” İB-də görülmüş işlərdən, həyata keçirilən layihələrdən və perspektiv planlardan söhbət açdı, media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
SOCAR-ın Karbamid zavodunun drektoru Xəyal Cəfərov da çıxış edərək Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirdi, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını vurğuladı.
Görüşdə çıxış edən jurnalistlər göstərilən diqqətə, söylənən xoş sözlərə görə razılıqlarını bildirdilər.
Orxan Vahidoğlu, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb