21 iyul 2017 23:53
4127

Prezident İlham Əliyev jurnalistlərin dostu və hamisidir

Mətbuata edilən birdəfəlik maliyyə yardımları, yüzlərlə jurnalistin mənzillə təminatı azad sözün və müsətəqil mətbuatın inkişafına ən böyük dövlət dəstəyidir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən azad sözün inkişafına dəstək ön sırada gəlir. Məhz 20 iyulda-  milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində jurnalistlər üçün tikilmiş 255 mənzilli binanın açılış mərasimində iştirak edən ölkəmizin başçısı bununla bir daha göstərdi ki, müstəqil medianın inkişafı, azad və demokratik  fikrin qorunması dövlətimiz üçün prioritet məsələdir.

Qeyd edək ki, bundan 4 il əvvəl jurnalistlər üçün 156 mənzilli bina tikilib istifadəyə verilmişdi. 2017-ci il iyulun 19-da isə Prezident İlham Əliyev üçüncü binanın inşası üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması və mətbuata birdəfəlik maliyyə yardımı haqqında iki Sərəncam imzaladı.  Bununla da Azərbaycan jurnalistlərinin və ümumilikdə milli mətbuatımızın sosial problemlərinin bir xeyli azalması istiqamətində növbəti dəyərli addımlar atıldı. 

Bu bir reallıqdır ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Məhz bu istiqamətdə də Azərbaycan dövlətinin özünəməxsus humanitar siyasəti, öz dəst-xətti var. Təbii ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratik və azad mətbuatın formalaşdırılması idi.

1993-cü ildən başlayaraq Azərbaycanda bu vəzifənin reallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edildi. Bu, Azərbaycan  Konstitusiyasında da öz əksini tapdı. Konstitusiyanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətində söz, fikir və mətbuat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi dövlətin əsas prinsipidir.

1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən olan digər tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etdi ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi. 

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan qaldırdı. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından da imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını reallaşdıran Mətbuat Şurası öz vəzifələrini bu gün də uğurla həyata keçirir.

Məhz həmin illərdən başlayaraq Azərbaycan dövləti dünyada ilk dəfə olaraq  mətbuata birbaşa yardım edərək qəzetlərin mətbəəyə yaranmış borcularını ödədi. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər “Azərbaycan” nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Ulu Öndər  “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümü idi.  Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli  “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir.

Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan edib. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda  Prezident İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçilib. İyulun 20 də jurnalistlər üçün tikilən ikinci binanın açılışında və üçüncü binanın təməlqoyma mərasimində Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkə jurnalistlərinin adından bu möhtəşəm mükafatı təqdim etdi.

Mükafatı qəbul edən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını qeyd edərək vurğuladı ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır: “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.”

Bu, bir faktdır ki, mətbuatda dövlətçilik maraqlarına hörmət prinsipi bütün şəxsi maraqlardan öndə dayanmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini beynəlxalq aləmdə geniş təbliğ etməyə, eyni zamanda, Azərbaycanla bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib.

 İyulun 20-də jurnalistlərlə görüşü zamanı cənab Prezident onlara üz tutaraq bildidi ki, mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim: “Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”.

Prezident İlham Əliyev jurnalistlərlə görüşündə azad mətbuatın inukişafı üçün daha əlverişli şəraitlərin yaradılacağını bildirdi. Przidentin sözlərinə görə, məhz demokratik dəyərlərin qorunması və xalqla iqtidarın birliyi Azərbaycanı qlobal təhlükələrdən qoruyur :” O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.” 

Azərbaycan Prezidenti jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirib: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır.”

Təbii ki, məhz bu amil bir daha göstərir ki, Prezident İlham Əliyevin dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözü onun siyasi fəaliyyətini əsas qayəsidir. Azərbaycan Prezidenti verdiyi vədə və sözə həmişə sədaqət nümayiş etdirib. Xüsusən, bir neçə il əvvəl Prezident İlham Əliyevə ikinci dəfə “Jurnalistlərin dostu” mükafatının verilməsi zamanı bildirmişdi ki, mən dostluğa sadiq adamam və hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. 

Məhz jurnalistlərə verilən mənzillər, mətbuata ayrılan malliyyə yardımları və bu kimi çox dəyərli işlər Prezidentin verdiyi sözə çox yüksək səviyyədə əməl etməsinin bariz nümunəsidir. Artıq bundan sonra hər bir jurnalist böyük məsuliyyətlə  ölkəmizin inkişafı, onun qüdrətlənməsi naminə cənab Prezdentin həyata keçirdiyi qlobal işlərə obyektiv, qərəzsiz yazısı ilə dəstək olmalıdır. 

Elçin Zaman, “İki sahil”