22 avqust 2017 14:29
1021

Multikulturalizm bizim həyat tərzimizdir

Ölkə Prezidenti  İlham Əliyevin qeyd etdiyi kimi, özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir

Azərbaycan 2016-cı ildə “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və anlaşmanın gücləndirilməsinə davamlı töhfələri ilə diqqət çəkdiyini, ideal məkan kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Nəzərə alsaq ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi, ölkəmizin belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti aydın idi. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz xalqlar, dövlətlər arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan reallaşdırdığı layihələrlə, təşəbbüsləri gerçəkliyə çevirməklə dostluq körpüsünü daha da möhkəmləndirir, münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır. “Azərbaycan yerləşdiyi coğrafiya ölkəmizin regionda oynadığı rolu bir növ əvvəlcədən müəyyən edir və biz mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfəmizi veririk” söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə “Multikulturalizm İli”nin ardınca cari ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi də Azərbaycanın qazandığı imicin, uğurların, tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. İmzalanan sənəddə  bu reallıq öz əksini tapmışdır ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Ölkə Prezidenti bu kimi addımları ilə multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq gerçəkləşdirir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi fonunda bu reallıq da hər zaman önə çəkilir ki, bu, bizim sivilizasiyalar və dinlər arasında oynadığımız körpü rolu ilə bağlıdır. Azərbaycanda dini dözümlülük və multikulturalizm ənənəsi artıq kifayət edir ki, belə tədbirlərin mərkəzində olsun.

Multikulturalizm ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanın ev sahibliyi etdiyi forumlar bu sahədəki uğurlarımızı, malik olduğumuz ənənələri dünyaya çatdırır. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev Ümummilli Liderin “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin davamı olaraq “Azərbaycanın təcrübəsi, hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır” fikirlərini səsləndirməklə  ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin aydın ifadəsini yaratmış olur. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır.  Ölkə Prezidenti bildirir: “Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir. Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirəcək.”

Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli davamlı uğurlara geniş yol açır. Hər bir inkişafın əsasında iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, islahatçı ölkə kimi tanınan Azərbaycanın uğurları göz önündədir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə dövlətimizin iqtisadiyyatın şaxələndirilməsi yönümündə atdığı addımlar öz bəhrəsini verdi. Azərbaycan böhrandan az itki ilə çıxan ölkə kimi tanındı.

Atılan addımlar, ümumilikdə, ölkəmizin hərtərəfli inkişafını təmin edir ki, bu da öz növbəsində Azərbaycanın dostluq, qardaşlıq körpüsü roluna təsirsiz deyil. “Biz siyasətimizi real vəziyyətə uyğun qururuq. Bəzən biz vəziyyəti dəyişməyə müvəffəq oluruq. Azərbaycan həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycanın bölgədə sabitləşdirici amil olmasına da işıq salır. Ölkəmizin bu gün etibarlı tərəfdaş kimi tanınması və nüfuz qazanması da uğurlu siyasətin nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regionda Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüçü olduğu enerji layihələri nəinki iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına şərait yaradır.

Qısa təhlilə söykənərək, bir daha bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq birgə səylərin göstərilməsini bir tələb kimi qarşıya qoyur.  Əsas olan budur ki, maraqlar ədalət prinsipini üstələməsin. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir.

Yeganə Əliyeva, “İki sahil”