12 oktyabr 2017 16:12
3473

Qeyri-neft sektorunun inkişafı uğurlu islahatların nəticəsidir

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın ötən müddətdə əldə etdiyi iqtisadi göstəriciləri şərtləndirən amilləri diqqətə çatdırdı. İclasda səsləndirilən fikirləri iqtisadçı ekspert Vüqar Bayramov “İki sahil”in oxucuları üçün şərh edir.

- Vüqar müəllim, bu ilin doqquz ayının göstəricilərinə görə ölkədə qeyri-neft sektorunda 2,5 faiz artım qeydə alınıb. Bu nəticəni şərtləndirən amilləri necə şərh edərdiniz?

- Məlum olduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi prioritetdir. Azərbaycan neft ölkəsi olsa da qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də neftdən asılılığın aradan qaldırılması hər zaman öndə duran məsələlərdəndir.  2017-ci ilin 9 ayının yekunlarını qiymətləndirən zaman birmənalı şəkildə bildirməliyik ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün iqtisadi göstəricilərdə artım var. Eyni zamanda, qeyri-neft sənayesində 3,1 faiz artım qeydə alınıb. Bu çox vacib idi. Çünki 2017-ci il ölkə başçısı tərəfindən iqtisadi stabillik ili kimi elan edilmişdi. Bu ildə iqtisadi stabilliyin əldə edilməsi və 2014-cü ildən dünya bazarında neftin qiymətinin aşağı düşdüyü üçün dövlət gəlirlərimizin azalması səbəbindən yaranan çətinliklərin artıq 2017-ci ildə stabilliklə əvəz olunması, nəticə etibarilə 2018-ci ildə iqtisadi artımın, daha sonra sürətli iqtisadi artımın formalaşması baxımından vacib idi. 9 ayın yekunları göstərir ki, bu hədəflərə nail olmaq mümkün oldu. İqtisadiyyatın şaxələndirilməsi prioritet olmaqla yanaşı, eyni zamanda, ölkə iqtisadiyyatının daha dayanıqlı inkişafı baxımından vacibdir. Çünki biz neftdən asılılığı aradan qaldırdıqca daha dayanıqlı iqtisadi inkişafa və artıma nail ola bilirik. Azərbaycan neft ölkəsidir və Nazirlər Kabinetinin iclasında da qeyd olunduğu kimi, Azərbaycan neft satışından əldə etdiyi gəlirləri artırır və bu da bizim digər makroiqtisadi göstəricilərimizə təsir göstərir.  Xatırlayırsınızsa, bir müddət öncə “Yeni əsrin müqaviləsi” imzalandı. Cənab Prezident xüsusilə qeyd etdi ki, müqavilənin imzalanmasına baxmayaraq, Azərbaycanda qeyri-neft sektorunda bu günə qədər islahatlar aparılıb və bu, gələcəkdə də davam etdiriləcək. 

-Ötən doqquz ayda sənayeləşmədə də inkişaf müşahidə olunub...

- Tamamilə doğrudur. Qeyri-neft sənayesində 3,1 faiz artım qeydə alınıb. Əslində bu, kifayət qədər vacib bir məqamdır. Çünki Azərbaycan üçün aqrar sektor vacibdir. Bu sahədə 2,8 faiz artım müşahidə olunub. Eyni zamanda, sənayeləşmə ölkə üçün prioritetdir. Xatırlayırsınızsa, ötən günlərdə Davos İqtisadi Forumunun rəqabətdavamlılıq indeksini müzakirə edərkən demişdik ki, maraqlı məqam həmin hesabatda Azərbaycanın dünyanın ən innovativ 33 ölkədən biri olmasıdır. Bu, sualınızla birbaşa əlaqəli olan bir məsələdir. Çünki sənayeləşmə innovasiya tələb edir. Bu baxımdan sənayeləşmə innovativ iqtisadiyyatın qurulması baxımından vacibdir. Neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi olduqca önəmlidir. Bu da innovasiya tələb edir. 2017-ci ilin 9 ayının yekunları və sözügedən hesabatda da qeyd olunduğu kimi, qeyri-neft sənayesində də artımları müşahidə edirik. Çünki sənayeləşmə ilə bağlı kifayət qədər təşviqedici tədbirlər həyata keçirilir.

- Qeyri-neft sektorunun digər bir sahəsi də kənd təsərrüfatıdır. İclasda qeyd edildi ki, bu sahədə də 2,8 faiz artım müşahidə olunub. Bəs bu uğurun təməlində hansı iqtisadi amillər dayanır?

- Kənd təsərrüfatı ölkə üçün olduqca vacib sektordur. Bu vacibliyi göstərən bir neçə əsas faktor var. 2017-ci ilin 9 ayının yekunları aspektindən yanaşanda düşünürəm ki, bu əsaslara toxunmağa ehtiyac var. Əvvəla kənd təsərrüfatı ərzaq təhlükəsizliyi baxımından vacibdir. Nəticə etibarilə vətəndaşların ərzaq məhsullarına, eləcə də kənd təsərrüfatı məshullarına çıxış imkanlarını genişləndirir. Eləcə də ərzaq təhlükəsizliyinin təmin olunması bu istiqamətdə hədəflərin formalaşması, idxalın əvəzlənməsi baxımından vacibdir. Nəzərə alsaq ki, postneft dövrünə qədəm qoyan zaman Azərbaycanda istehlak olunan məhsulların təxminən 80 faizi ölkəyə idxal edilirdi. Ötən müddətdə biz idxalın  azalmasını müşahidə edirik. Yalnız 2017-ci ilin 9 ayının yekunlarında ixrac idxalı 4,4 milyard dollar üstələyib. Deməli, ölkəyə daxil olan valyutanın həcmi ölkədən idxal və ya digər vasitələrlə çıxan valyutanın həcmindən 4,4 milyard dollar çoxdur. Makroiqtisadi sabitliyin qorunması, gələcəkdə sürətli inkişafın bərqərar olunması baxımından bu, olduqca mühüm rəqəmdir.  Bu baxımdan kənd təsərrüfatının xüsusi rolunu qeyd etmək lazımdır.

Aqrar sektor ölkəyə valyutanın daxil olmasına, daxili bazarda yerli istehsal məhsullarının satışa çıxarılmasına şərait yaradır. Yəni vətəndaşlarımız yerli məhsullardan daha çox istifadə edə bilirlər. Kənd təsərrüfatı məşğulluğun təmin edilməsi baxımından da önəmlidir. Azərbaycanda məşğul əhalinin 37 faizindən artığı kənd təsərrüfatı sahəsində çalışır. Deməli, aqrar sektor həm də məşğulluğun təmin olunması baxımından vacibdir. Kənd təsərrüfatında iqtisadi artım əvvəlki dövlərlə müqayisədə 2,8 çoxalıb. Bu isə sözügedən sahədə artım tendensiyasının qorunub saxlanılmasından xəbər verir. Bu, həm də fermerlərin gəlirlərinin artması baxımından olduqca vacib bir rəqəmdir. 

Şəfiqə Dadaşova,

Vüsal Cahanov, (foto)

“İki sahil”