Azərbaycanda əhalinin böyük hissəsi hələ də müasir tullantı suyu xidmətlərinə çıxış əldə edə bilmir.
“İki sahil” xəbər verir ki, bunu AzərbaycanDövlət Su Ehtiyatlarının Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 3-cü günündə bildirib.
Onun sözlərinə görə, hazırda əhalinin yalnız təxminən 1/3-i müasir tullantı su xidmətlərindən istifadə edir: "Bu sahədə islahatlar zəruridir və əhatəni genişləndirmək üçün ciddi tədbirlər görüləcək. Yeni infrastruktur layihələri, müasir texnologiyaların tətbiqi və effektiv idarəetmə sistemi sayəsində tullantı su xidmətlərinin əhatəsi bütün ölkə üzrə artırılacaq. Məqsədimiz təkcə əhalinin xidmətlərə çıxışını təmin etmək deyil, həm də ekoloji dayanıqlılığı və ictimai sağlamlığı gücləndirməkdir".
Z. Mikayılov vurğulayıb ki, bu istiqamətdə tədbirlər "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" (2024–2040-cı illər) çərçivəsində həyata keçiriləcək və tullantı sularının idarə olunması sahəsində Azərbaycan region üçün model ola bilər.