12 oktyabr 2017 16:43
530

“Bakcell” müştərilər üçün qabaqcıl mobil istifadəçi təcrübəsini təmin edir

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində dünyanın tanınmış  təşkilatlarından olan “P3 Communications” şirkəti tərəfindən aparılan sınaqların nəticələrinə əsasən, “Bakcell” Azərbaycanda ən mobil yaxşı şəbəkə (“Best in Test”) adına layiq görülüb. Testlərin nəticəsinə əsasən, “Bakcell” Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə ən yaxşı mobil internet şəbəkəsinə malikdir. 

Bu barədə ötən gün keçirilən mətbuat konfransında “Bakcell”in baş icraçı direktoru Nikolai Bekers bildirib ki, şirkət müştəriləri üçün qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bununla da 3G və 4G şəbəkələri daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir: “Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da öz növbəsində “Bakcell” şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, “Bakcell” şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, şirkət abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq.”

Tədbirdə bildirilib ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində aparılıb. 100 faiz səyyar test formasında təşkil olunan bu sınaqların 55 faizi  Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu  şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib. Bununla da “Bakcell”ə aid  mobil şəbəkə 1000 ballıq maksimum göstərici üzrə 537 balla (Səs üzrə maksimum 400 baldan 261-ni, mobil internet xidmətləri üzrə maksimum 600 baldan 276-nı toplayıb)  qiymətləndirilib. Müqayisə üçün deyək ki, Azərbaycanda fəaliyyət göstərən digər mobil operatorlar üzrə bu göstərici müvafiq olaraq 443 və 496 olub.

Ceyhun Piriyev,

“İki sahil”