13 oktyabr 2017 15:03
488

Mingəçevir: tikinti sektorunda əsas kapitala 28,8 milyon manat investisiya qoyulub

Ötən doqquz ayda Mingəçevir şəhəri üzrə ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq 350 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 77 faiz artaraq 250 milyon manat təşkil edib. Tikinti sektorunda əsas kapitala yönələn investisiya 28,8 milyon manat olub, aparılan tikinti-quraşdırma işlərinə 24,2 milyon manat xərclənib.

AZƏRTAC xəbər verir ki, bu faktlar ilin doqquz ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, hesabat dövründə şəhərdə istehsal olunmuş sənaye məhsulunun 95 faizi elektrik enerjisi istehsal edən Azərbaycan İstilik Elektrik və Su Elektrik stansiyalarının payına düşür. Bu stansiyalarda, ümumilikdə, 6,8 milyard kilovat saat elektrik enerjisi istehsal olunub. Ötən aylarda “Az.İES” MMC-də payız-qış mövsümünə hazırlıqla bağlı 6-cı enerji bloku əsaslı təmir olunub, hazırda 8-ci enerji blokunda əsaslı təmir, 1-ci enerji blokunda cari təmir işləri davam edir.

Bundan əlavə, Prezidentin tapşırığına əsasən Mingəçevir şəhərində sənaye parkının və “ASAN həyat”ın inzibati binasının inşası sürətlə aparılır. Şəhərin küçələrində və məhəllədaxili yollarda 45 min kvadratmetr sahəyə yeni asfalt örtük salınıb, 9 min metr səki daşları düzülüb, 7 min kvadratmetr sahəyə dekorativ tamet döşənib. Yeddi çoxmərtəbəli yaşayış binasının dam örtüyünün 6,7 min kvadratmetrlik hissəsi metal kirəmitlə əvəzlənib.

İlin əvvəlindən bəri şəhər məşğulluq mərkəzinə 2015 nəfər iş axtaran müraciət edib, onlardan 672-si ixtisasına və peşəsinə uyğun işlə təmin olunub, 180 nəfərə işsizliyə görə müavinət təyin edilib.

Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzələri dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.