16 oktyabr 2017 19:31
648

Yeni hərracda özəlləşdirilməyə müxtəlif çeşidli 56 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 14-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyət, 8-i isə nəqliyyat vasitəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir. Bu əmlakın səhminin 30 faizi 135 min manata yaxındır. Bundan başqa “Bərdə Kərpic” ASC də qiymətində digərlərindən fərqlənir. Həmin əmlakın 30 faiz səhmi isə 90 min manata yaxın təklif olunur.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Cəlilabad, İmişli, Göygöl, Şəmkir, Masallı və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirilməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən əmlak kompleksidir. Həmin əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 min 602 kvadratmetrə, ümumi faydalı sahəsi isə 11 min 266 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 10 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 1133 kvadratmetrə, torpaq sahəsi isə 2716 kvadratmetrə yaxındır.

Bundan başqa Şəmkir yun tədarükü məntəqəsi də sahibi üçün sənaye sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 4-ü paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 125 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 600 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Gəncədə yerləşən ərazisi 206 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1600 manatla 5 min 200 manat arasında dəyişir. 2007-ci il istehsalı olan “BMW-320” markalı avtomobilin ilkin start qiyməti 5 min 200 manat olmaqla, alıcılar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2783  linkindən əldə etmək mümkündür. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirilmə portalı ilə bərabər, komitənin rəsmi saytı, “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirilmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.