24 oktyabr 2017 15:42
1082

Strateji Yol xəritələri: aqrar sektorda keyfiyyətcə yeni mərhələ

Dünya iqtisadiyyatında mövcud maliyyə-iqtisadi vəziyyətin gərginliyi qlobal artım tempinin zəifləməsi, qeyri-müəyyənliklərin və risklərin artması fonunda Azərbaycanda uğurla reallaşdırılan düşünülmüş iqtisadi siyasət strategiyası nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin olunub, dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  Dövlət proqramlarının, inkişaf konsepsiyalarının, sosial-iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların uğurlu icrası nəticəsində strateji məqsədlərə uyğun özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib, ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

Ölkə iqtisadiyyatının neft amilindən asılılığının tamamilə aradan qaldırılması, respublikamızda daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaq, qeyri-neft  sektorunda ixrac potensialını gücləndirmək məqsədilə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artıb.

“Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib, həmçinin lizinq yolu ilə satılıb. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə Almaniyanın Berlin şəhərinə, Əfqanıstanın Kabul şəhərinə, Pakistanın İslamabad, Ravalpindi və Lapor şəhərlərinə, Qətərin Doha şəhərinə, Qazaxıstanın Almatı və Astana şəhərlərinə 5 ixrac missiyası həyata keçirilib. Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə “Azərbaycan meyvələri” və “Azərbaycan meyvə şirələri” adlı reklam çarxlarının çəkilişlərinə başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində, Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilən “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərimizin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın “Avropa 2001” jurnalında “Made in Azerbaijan” reklamı yerləşdirilib.

 İxrac sənədlərinin əldə edilməsinə dəstək məqsədilə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu  (AZPROMO)tərəfindən kənd təsərrüfatı, qida, yüngül və s. sənaye sahələrində fəaliyyət göstərən 100-dən artıq yerli şirkətə dəstək göstərilib, zəruri informasiya verilib.

Həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Belə ki, ölkəmizdə fındıqçılıq sahəsinin sürətli inkişafı ilə bağlı regionlarda yeni salınacaq fındıq bağları üçün müvafiq ərazilər müəyyən edilib, ting tədarükünə, əkin işlərinin təşkilinə kömək göstərilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən genişmiqyaslı işlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55.1 min hektara çatdırılıb. Bundan əlavə, ölkə üzrə 311 hektar sahədə yeni xurma bağları salınıb, bağların ümumi sahəsi isə 11272 hektara çatdırılıb.

İntensiv meyvə bağlarının salınması üçün ting təminatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 2,0 hektar və Zaqatala Dayaq Məntəqəsində 0,5 hektar sahədə fındıq tingliyi yaradılıb.

Pambıq istehsalçılarının 2017-ci ilin yaz əkini üçün toxuma olan tələbatının ödənilməsi məqsədilə 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində olan qurumlar tərəfindən istehsal edilmiş 0,8 ton orijinal, 7,0 ton superelit, 45 ton elit toxum, o cümlədən özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilib, 276 ton R1 pambıq toxumu sertifikatlaşdırılıb. Cari ildə 15 rayonda tütün əkinləri üçün əlverişli olan 3 min hektardan artıq torpaq sahələri müəyyənləşdirilib. 2 mindən artıq torpaq mülkiyyətçisi tərəfindən tütün əkinləri aparılması barədə tədarükçülərlə müqavilə bağlanılıb. Ölkədə tütünçülük və pambıqçılığın inkişafını təşviq etmək üçün bu sahələrə dövlət büdcəsi tərəfindən subsidiyaların verilməsi sürətləndirilib.

 “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” layihəsi hazırlanıb. Cari ilin ilk 6 ayı ərzində ölkəyə 2177 baş cins damazlıq boğaz düyələr gətirilib ki, onlardan 1311-i 188 hüquqi və fiziki şəxsə güzəştli şərtlərlə satılıb, 866 baş heyvan isə hazırda karantində saxlanılır. Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması ilə bağlı İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda tətbiq edilməsi istiqamətində Proqram layihəsi hazırlanıb.

Müasir texnologiyaların tətbiqi ilə quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri hazırlanıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində illik istehsal gücü 109 milyon əmtəəlik yumurta və 1.4 min ton quş əti olan 1 quşçuluq təsərrüfatına 1 milyon manat güzəştli kredit vəsaiti ayrılıb, maliyyələşdirilmiş layihə hesabına 128 yeni iş yerinin yaradılması nəzərdə tutulub. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-yə İmişli rayonu ərazisində “Şəkər çuğundurunun emalı” layihəsinin həyata keçirilməsi üçün investisiya təşviqi sənədi və həmin sənəd əsasında 10 təsdiqedici sənəd verilib. 11,2 milyon manatlıq layihə çərçivəsində mövcud istehsal gücünün artırılması nəzərdə tutulur. Eyni zamanda emal sənayesinin xammala və heyvandarlığın yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə cari ilin əkinləri üçün 16 rayonda dünyada əsas yağlı bitkilərdən sayılan soya əkinlərinin aparılmasının təşkili üçün hazırlıq işləri görülüb.

Ölkəmizdə zeytunçuluğun inkişaf etdirilməsi, bu sahədə ölkənin tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması istiqamətində təhlillər aparılmış və müvafiq dövlət orqanları ilə birlikdə yaxın 10 il üçün ölkədə zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb.

Qətiyyətlə demək olar ki, ölkəmizin 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edən Strateji Yol xəritələrinin uğurlu icrası nəticəsində qeyri-neft sektorunun bütün sahələrinin, ö cümlədən regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Zahid Rza,

“İki sahil”