Azərbaycan Kooperasiya Universitetində (AKU) “Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinə müvafiq maliyyə siyasəti və onun reallaşdırılması istiqamətləri” mövzusunda elmi seminar təşkil olunub.
AKU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov, tədris işləri üzrə prorektor Fikrət Quliyev, maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva, maliyyə kafedrasının müdiri Elnurə Məmmədova məruzələrlə çıxış ediblər.
Məruzələrdə bildirilib ki, Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub.
Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunub. Dünya Bankının hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb.
Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yoxsulluğun azaldılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində uğurlara imza atıb.
Sonra tələbələrin çıxışları dinlənilib, müzakirələr aparılıb.