26 oktyabr 2017 16:09
714

Buğda idxalı 34 faiz azalıb

Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri də  ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsidir. Bu barədə bəhs etdikdə ilk növbədə ərzaqlıq buğda ilə yerli təminetmənin səviyyəsinin artırılmasının əsas prioritetlərdən olduğunu qeyd etmək lazımdır. 

Bu məqsədlə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında taxılçılığın inkişafı ilə bağlı məsələlərə toxunub və konkret tapşırıqlar verib: “Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. ....Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq.”

Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə də bəhs edərək taxılçılıqla bağlı məsələlərin daim gündəlikdə olduğunu bildirib və bu sahədə daha da yaxşı nəticələr əldə etməklə idxaldan asılılığın azaldılmasının və məhsuldarlığın artırılmasının vacibliyini qeyd edib. Həmin vaxt ölkə başçısı rayonlar üzrə məhsuldarlığın səviyyəsini müqayisə edərək nəticələrin təhlil olunması və araşdırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.

Dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülmüş tədbirlərin nəticəsidir ki, 9 ayın gömrük statistikasına görə ölkəyə buğda idxalı kəskin şəkildə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında ölkədə idxal edilən buğda dəyər ifadəsində 34,57 faiz, kəmiyyət ifadəsində isə 33,42 faiz azalıb. Bununla da yanvar-sentyabr aylarında 136 360.53 min dollar dəyərində, (ötən ilin eyni dövründə 208 407.42 min dollar)  746 385.07 ton  buğda (ötən ilin eyni dövründə 1 120 959.41 ton) idxal edilib.

Qeyd edək ki, ölkəmizdə ərzaqlıq buğdaya illik tələbat təqribən 1,7 milyon tondur. Belə görünür ki, yerli istehsalın tələbatı kəmiyyət göstəricisi ilə bərabər (baxmayaraq ki, istehsalın həcmi hər il bu rəqəmdən təxminən 1 milyon ton artıq olur) keyfiyyətcə də ödəməsi idxalın azalmasına səbəb olub. Lakin əvvəlki illərdə də kəmiyyət ifadəsində yerli istehsalın tələbatı ödəməsinə baxmayaraq ərzaqlıq buğdanın ümumi məhsulda nisbətinin aşağı olması tələbatın daha çox idxal hesabına ödənilməsinə gətirib çıxarırdı.

Ötən ayın əvvəlinə olan məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,4 faizi, yaxud 935,5 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 675,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib.

Ceyhun Piriyev,

“İki sahil”