17 noyabr 2017 18:41
1234

Bakıda “Diz oynağı nahiyəsində sınıqların müalicəsi” mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda Azərbaycan travmatoloqları və ortopedləri üçün “Diz oynağı nahiyəsində sınıqların müalicəsi” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif regionlarından 30-dək travmatoloq və ortopedin iştirak etdiyi kurs-seminar Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin (“AOTrauma”) və bu cəmiyyətin Azərbaycan üzrə əlaqələndiricisi, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) aparıcı elmi əməkdaşı, dosent Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.

Bu sahədə tanınmış xarici mütəxəssislər Stiven Mitçel (ABŞ), Mark Cekson və Stiven Şelkun (hər ikisi Böyük Britaniya),habelə ETTOİ-nin professoru Qələndər Canbaxışov və başqa ekspertlər seminarda məruzələrlə çıxış edərək, ağır travmaların müalicəsində təcrübələrini bölüşüblər.

Tədbirdə bu sahədə dünya təcrübəsinin yenilikləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, düzgün biliklərlə cərrahi təcrübəni savadlı şəkildə uyğunlaşdırmaq səyləri travmatoloqlara nəzəriyyəni təcrübədən keçirmək və sınıqların müalicəsinin nəticələrini yaxşılaşdırmaq imkanı verir.

Qeyd edək ki, “AOTrauma”nın əsas məqsədi travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün elmi yenilikləri yaymaqdır.